Səbuhi Abdullazadə yaşıl meydanlara qayıdandan sonra da "Sumqayıt"da kapitan sarğısını taxmayacaq. Bu barədə məlumatı Sport24.az-a klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev verib. Qərara əsasən, İsa Suliman ən azı cari mövsümün sonunadək bu misiyanı yerinə yetirəcək.
Roi Kehat və Höccət Haqverdi isə komandanın vitse-kapitanları olacaqlar.
Xudiyev Səbuhi Abdullazadənin zədəsinin müalicəsi ilə bağlı da məlumat verib. Klub rəsmisinin sözlərinə görə, futbolçunun müalicə və reabilitasiya prosesi planlaşdırıldığı qaydada davam edir.
Qeyd edək ki, "Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə idi. O, beş ay yaşıl meydanlardan kənarda qalacaq. Yarımmüdafiəçi Premyer Liqanın ilk turunda "Neftçi"yə qarşı matçın 74-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra meydandan kənarda dəhlizin şüşəsini sındırıb. Böyük şüşə parçası ayağına düşərək onu ciddi zədələyib.