"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının Sport24.az-a müsahibəsi

- Misli Premyer Liqasının VII turunda evdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub etdiniz. Səncə, növbəti qolları vurmaq üçün nə çatmadı?
- Ağır matç oldu. Oyun çox dayandı, sürət də aşağı düşdü. İstədiyimiz oyunu göstərə bilmədik. Bəlkə də "Kopenhagen"lə qarşılaşmanın təsirindən çıxa bilməmişdik. Yoxsa bu görüşə tam hazırmı deyildik, deyə bilmərəm. Rəqib də yaxşı mübarizə apardı. Biz də istədiyimiz oyunu sərgiləmədik. Effektli hücumlar qura bilmədik. Əsas odur ki, ağır qarşılaşmadan üç xalla ayrıldıq.

- Milli komandalarda da çıxış edən oyunçularınız var. Çempionlar Liqası, yığmanın matçları və Premyer Liqa. Səncə, yorğunluq var idi?
- Əlbəttə. İstəniləm halda yorğunluq olur. Üç və ya dörd gündən bir matçlara çıxırıq. Amma düşünürəm ki, bizim komandada yetəri qədər oyunçu var. Hər cəbhədə mübarizə aparmağa qadirik. Yorğunluğun olması normal haldır. Çalışırıq ki, bunu çox da hiss elətdirməyək. Özünüz də görürsünüz ki, bəzən istər-istəməz meydanda hiss edilir

- Çempionlar Liqasında iki oyun, iki qələbə. Artıq növbəti mərhələ haqqında planlar qura bilərsiniz?
- ⁠Məncə, bu haqda düşünməyimiz düzgün olmaz. Mərhələ başlayanda da bu barədə danışmırdıq. Amma iki matçda qalibiyyət əldə etdik. Ancaq növbəti matça köklənəcəyik. Həmin görüşə də üç xal üçün çıxsaq, uğur əldə edə bilərik. İki qələbəyə görə növbəti mərhələyə yüksələcəyimizi demək düzgün olmaz. Məncə, məsələyə reallıqla baxmalı və bu cür yanaşmalıyıq. Amma öz gücümüzün də fərqindəyik. Özümüzə də inanırıq. Növbəti oyunlarda da xallar üçün mübarizə aparmağa çalışacağıq.

- Çempionlar Liqasında növbəti oyununuz İspaniya təmsilçisi "Atletik"ə qarşıdır. Səfərdə daha bir tarixi nailiyyət əldə etmək mümkündür?
- ⁠Onlar da güclü komandadır. Çempionlar Liqasında zəif rəqib yoxdur. Əvvəlcədən heç kim proqnoz verə bilməz. Heç bir matça proqnoz verməməyə çalışırıq. Amma belə rəqiblərə qarşı nəsə demək çətindir. Özümüzə güvənirik. Maksimum gücümüzü ortaya qoyacağıq. Qələbələr də bizim üçün yaxşı motivasiya olmalıdır. Amma eyforiyaya qapılmamalıyıq.

- Ayxan Abbasov millinin baş məşqçisi təyin edilib. Növbəti görüşlərə də onun rəhbərliyi altında çıxacaqsınız. Bu barədə nə deyə bilərsən?
- Bu qərarı xoş qarşıladım. Bizim üçün də yerli mütəxəssislə işləmək xoşdur. Ayxan müəllimə güvənirik. Qısa müddətdə gəldi, Ukrayna ilə matçda heç-heçə etdik. Həmin dönəmdə bir gün vaxtı var idi. Kollektivi yaxşı hazırladı, ən azından rəqibdən bir xal qoparda bildik. Düşünürəm ki, yerli baş məşqçinin olması bizə fayda verəcək. Bir-birimizi daha yaxşı anlayacağıq. Hər halda oyunçuları ayrı-ayrılıqda daha yaxşı tanıyır, hamımızın istedadına, xarakterinə bələddir. Ayxan müəllimə uğurlar arzulayıram. Ümid edirəm ki, həm onun, həm də millimiz üçün uğurlu olacaq. Məşqçimizə inanırıq, çalışacağıq ki, yaxşı nəticələr əldə edək.

- Qarşıda sizi Fransa və Ukrayna ilə səfər matçları gözləyir. Bu qarşılaşmalarda nəyə ümid edə bilərsiniz?
- Nə deyim? Fransa kimi rəqibin gücünü siz də bilirsiniz. Nəsə deməyə ehtiyac da yoxdur. Nə demək olar? Maksimum dərəcədə mübarizə aparmalı və əzmkarlıq göstərməliyik. Başqa heç nə.

- Millinin hər uğursuz çıxışından sonra sosial şəbəkədə insanlar Qurban Qurbanovu milli komandanın baş məşqçisi kimi görmək istəyirlər. Özün də istəyərdin ki, o, həm də millinin baş məşqçisi olsun? Yoxsa, millidə daha çətin olar?
- Azarkeşlər belə fikirlər səsləndirirlərsə, etimad göstərirlərsə, həm baş məşqçim, həm də atam olaraq mənim üçün xoşdur. Ki, azarkeşlərin sevgisi, inamı, güvəni görünür. Bununla fəxr edirəm. Amma ayrı-ayrı işlərdir. "Qarabağ"da illərdir çalışır, oturuşmuş sistemi, işi var. Millidə çətinliklər olacaq, hazırda komanda çətin durumdadır. Amma mənim üçün fərqi yoxdur. Mənim üçün işlə münasibətin fərqi yoxdur. Atam olaraq, istəyərdim ki, həm onun üçün, həm də futbolumuz üçün xeyirlisi nədirsə, hansı uğurlu olarsa, o da olsun. Belə mənim üçün böyük əhəmiyyət kəsb etmir.