UEFA Avropa və Konfrans Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları baş tutub. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının legioner həyatı yaşayan üzvləri də növbəti sınaqlarında meydana çıxıblar.
Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" öz meydanında "Lillstrom"la qarşılaşıb. Görüş rəqibin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb və bu nəticə ilə Albaniya təmsilçisi avrokuboklarla vidalaşıb. Z.Əliyev qarşılaşmanın 99-cu dəqiqəsində oyuna daxil olub.
Mahir Emrelinin çıxış etdiyi Polşanın "Rakuv" klubu da turnirdəki mübarizəsini başa vurub. Xorvatiyanın "Hayduk" (Split) komandasına 2:3 hesabı ilə məğlub olan Polşa təmsilçisi yarışdan kənarda qalıb. İlk "11-lik"də meydana çıxan Emreli 88-ci dəqiqədə adını tabloya yazdıraraq fərqlənməyi bacarıb.
Digər təmsilçimiz Murad Məmmədovun çıxış etdiyi "Pafos" isə növbəti mərhələyə adlayıb. "Dinamo Siti" üzərində 4:2 hesablı inamlı qələbə qazanan Cənubi Kipr klubu əsas liqa mərhələsinə vəsiqəni təmin edib.