Hər bir uğurun arxa və ön planı olur. Futbolda, ümumiyyətlə, idmanda ön planda komanda və baş məşqçi dayanır. Arxa cəbhəni formalaşdıranlar isə daha çox uğursuzluq yaşananda yada düşür. "Sabah" yaranandan bəri adət etdiyimiz yolu seçmədi, fərqli xətlə addımlamağa başladı. Bəzən bu addımlar səhv olub ki, belədə, ilk növbədə klubun prezidenti Maqsud Adıgözəlov yada düşüb. Son iki mövsümdə medal qazanmağı və avrokuboklarda iştirak etmək hüququ əldə edən "bayquşlar"ın prezidenti ilə millinin oyunları ilə bağlı yaranmış fasilədə görüşdük. Adıgözəlovla həmin vaxt hələ baş tutmayan İsveç və Slovakiyaya qarşı oyunlar barədə əlbəttə ki, söhbət edə bilməzdik. Hər halda, müzakirə olunası da yetərincə mövzu oldu. Ekrana yaxın oturun, Sport24.az-a verdiyi müsahibədə "Sabah"ın prezidenti xeyli sayda maraqlı məqamlara toxundu.

 

- Təəssüf ki, az-az görüşürük. Bu səbəbdən də ötənmövsümkü çıxışınıza baş vurmaq istəyərdim. "Sabah" necə çıxış etdi?

 

- O qədər hadisələr baş verir ki, bəzən heç də uzaq olmayan tarixdə yaşanan fikrindən çıxır. Ötən mövsüm bir qədər ağır keçdi. Murad Musayevin gedişi öz rolunu oynadı. Bütün futbol ictimaiyyəti, ilk növbədə isə özümüz, onun burada etdiklərinə  rəğbətlə yanaşırdıq. Onun gedişi ilə barışmaq olduqca çətin idi. Ancaq özümüzdə güc tapmalı idik ki, düzgün seçim edək. Yeni məşqçi seçimini düzgün etmək olduqca çətin prosesdir. Deyirlər Azərbaycana futbolçu gətirmək çətindi, ancaq mən əlavə edim ki, düzgün məşqçini seçmək daha çətindir. Burda seçdiyin mütəxəssisin fərdi keyfiyyətləri ön plana çıxır. Bunu da yalnız mövsümün sonunda öyrənə bilirsən. Çalışdıq ki, düzgün seçim edək və görünən budu ki, yanılmadıq. Ötən mövsüm sərgilənən oyunla bağlı bəzi suallar yaranmışdı. Ancaq məşqçinin qarşısına müəyyən məqsədlər qoyulmuşdu və belədə, "gözəl futbol göstərmək şərti ilə" tələbini qoymaq olmur. Məşqçi ilk növbədə qarşısına qoyulan məqsədi yerinə yetirir. Kruno Renduliç "Sabah"ı qəbul edəndə, yanılmıramsa 8-ci pillədə idik. Hədəf isə avrokuboka vəsiqə əldə etmək idi. Yekunda hədəfə yalnız marafonun bitiminə 3 dəqiqə qalmış çatdıq. Belə olmalı deyil. Ancaq digər tərəfdən 2-ci ildir ki, mövsümü "üçlük"də tamamlayırıq.

 

- Maraqlıdı, Renduliçin qarşısına ötən mövsüm üçün avrokubok tələb kimi qoyulmuşdu, yoxsa ümumi formada deyilmişdi ki, çalış, buna nail ol?

- Baş məşqçimizin qarşısına konkret vəzifə qoyulmuşdu ki, "Sabah" qitəmiqyaslı turnirə qatılmalıdı.

 

- Bəs bacarmasaydı? Ola bilərdi ki, artıq ötən mövsümün sonunda onunla vidalaşaydınız?

- Prinsipcə, o, özü də mediaya bildirmişdi ki, hədəfim 2-ci yerdi. Lakin böyük bir ailə kimi hədəfə elə köklənmişdik ki, bu mövzu heç müzakirəyə də çıxarılmadı. Xorvatiyalı mütəxəssisin rəhbərliyi altında komandamız keçirdiyi 11 oyunun 8-də qələbə qazandı. Ancaq onu da vurğulayım ki, namizədimiz tək Renduliç deyildi. Azərbaycana minimum daha 3 mütəxəssis dəvət etmişdik. Yadınızdadırsa, KİV-də tənqid olunurduq ki, yeni çalışdırıcının təyinatına gecikirik. Lakin biz seçim edirdik. Seçim edirdik ki, yanılmayaq.

 

- Belə başa düşdüm ki, danışıq apardığınız bütün məşqçilər əcnəbi idi?

- Bəli.

 

- Nəyə görə demək olar ki, daim əcnəbi mütəxəssislərə boylanırsınız?

- Biz azərbaycanlı məşqçilərə böyük hörmətlə yanaşırıq. Onların kifayət qədər müsbət nəticələri var. Bizdə yerli məşqçilər də çalışıb. Bizim üçün məşqçilərin hansı ölkədən olmasının fərqi yoxdur. Konkret kriteriyalarımız var. Hansı mütəxəssis bu kriteriyalara uyğundursa, seçimi ona uyğun edirik.

 

- Avrokubok mövsümü ikili hisslər formalaşdırdı. Siz necə qiymətləndirirsiniz?

- Əlbəttə, razılaşıram. Mən öz baxış bucağımı təqdim edəcəm. Ola bilər ki, idman mütəxəssisləri, məşqçiləri fərqli düşünsün. Avrokuboklarda təcrübə ən vacib amillərdən biridir. Qitəmiqyaslı yarış təcrübəsi nə qədər çox olursa, bir o qədər şanslar artır. Bax, indi "Sabah" da bu təcrübəni toplamaqdadı. Püşkatmada özüm iştirak edirdim. Tədbir başa çatdıqdan sonra qitəmiqyaslı turnirlərdə daha əvvəllər üz-üzə gəldiyimiz klub rəsmiləri mənə üzgün nəzərlərlə baxır, az qala başsağlığı verirdilər ki, ən arzuolunmaz rəqiblə qarşılaşacağıq. Oyundan öncə bizə Azərbaycanda belə şans verirdilər?

 

- Heç kim şans vermirdi.

- Bəli. Macarıstanda yaşananları möcüzə də adlandırmaq olar. Ancaq düzgün köklənmə, məşqçi işi də olduqca əhəmiyyətli rol oynadı. Matç başa çatıb, 3:0 qalib gəlmişik. İnanırsınız, sevinmirdim. Kollektiv üzvlərimiz niyə belə əhvalda olduğumu soruşduqda "bu, "Makkabi"di. Bizi qarşıda çox ağır cavab görüşü gözləyir" deyirdim. Bəli, fərq əla idi, ancaq Bakıda bizi nələrin gözlədiyini təxmin edirdik. Paytaxtımızda dadımıza "Partizan"la səfərdə üzləşdiyimiz təcrübə çatdı. Nə qədər hörmətlə yanaşsaq da, növbəti rəqib "Sent Patriks" "Makkabi"dən hissolunacaq dərəcədə zəif idi. Bəli, irlandlar möhkəm komandadı, lakin əvvəlki mərhələdən fərqli, cütün favoriti biz sayılırdıq. Ancaq digər tərəfdən ölkə çempionatı başlayır. Şamaxıya səfər etməliyik. Projektorları yoxdu və oyun gündüz saatlarında keçirilməlidi. Baş məşqçimiz dedi ki, ölkənin istənilən nöqtəsində oynamağa hazıram, ancaq meydan təbii örtüklü olsun. "Şamaxı" rəhbərliyinə ayrıca təşəkkürümü bildirirəm ki, bizi anlayışla qarşıladılar və matçın Bakıda, bizim stadionda baş tutmasına razılıq verdilər. Lakin oyunun başlama saatı dəyişmir və saat 5-də 36 dərəcə istidə oynamalı olduq. Bu görüşdən dərhal sonra səfərə çıxdıq. Ardınca "Zirə" ilə oyun. İvan Lepinitsanın İrlandiyada aldığı qırmızı vərəqəni bilavasitə yorğunluqla əlaqələndirərdim. Bu, mənim şəxsi fikrimdi. Səfərdə də demək olar 1 hissə, evdə də azlıqda oynayırsansa, bu, oyununa təsirini göstərməyə bilməz. İrlandiyada ilk 15 dəqiqədə 2 qol imkanımız olmuşdu. Bakıda da yaxşı başlamışdıq. Uşaqlar da, biz də pley-off oynamaq istəyirdik. Bəli, "Başakşehir" gəlirdi qarşıdan, ancaq ən azından əsas mərhələyə düşmək uğrunda oynamağı çox arzulayırdıq. Deyim ki, razı qaldıq, xeyr. Ancaq kifayət qədər təcrübə topladıq.

 

- Ancaq kənardan furbolçularınızda "Makkabi" ilə 3:0-dan sonra özündən razılıq əlamətləri sezilməyə başladı...

- Yox-yox, bu, qətiyyən belə deyil. Demək olar ki, hər gün kollektivin içindəyəm, hər şey gözümün önündədi. Məsələ burasındadır ki, "Sabah" yarandığı gündən bəri "Makkabi" qədər güclü rəqib görməmişdi. Macarıstanda baş tutan ilk görüşdə ola bilər ki, rəqib bizi ciddiyə almamışdı. Bu hal ötən mövsüm bizimlə ilk matçda RFŞ komandadısının da başına gəldi. Həmin RFŞ bu il Avropa Liqasının əsas mərhələsinə vəsiqə əldə edib. Onlar ötən il də çox güclü idilər. Üstəlik, məşqçinin verdiyi tapşırıqdan asılı olmayaraq, futbolçular şüuraltında hesabın qorumasına çalışır. Maraqlıdı ki, püşkatmadan sonra bizə şans tanımayanlar, mərhələni keçdikdən sonra 6 qol buraxmağımızı kəskin tənqid etməyə başladı. Lakin unutmamalıyıq ki, biz də "Makkabi"yə 6 qol vurmuşduq. Biz ustalıq səviyyəsindən istifadə edə bilmirik. Biz hər oyunda qalib gəlmək üçün komanda halında sona kimi mübarizə aparmalıyıq. Ustalıq səviyyəsindən hər oyunda tam istifadə etmək üçün isə illərin təcrübəsi lazımdır. 

 

- Maraqlı məqama toxundunuz. Sözünüzdən belə qənaətə gəlmək olarmı ki, son iki çempionatda medal götürən "Sabah"ın hər mövsümün hansısa hissəsində ciddi eniş yaşamasının səbəbi məhz təcrübəsizlikdədi?

- Bəli, belə demək olar. Bəzən komandanı nə tanıya bilirsən, nə də nə baş verdiyini anlaya. Hər bir futbolçumuzu kifayət qədər yaxşı tanıyıram. Deyim ki, hansısa oyunçumuz məşqə və ya oyuna barmaqarası yanaşır, belə bir hal olmur. Elə "Kəpəz"lə son qarşılaşmamızı götürün. Matçöncəsi fantastik bir məşq izləmişdik. Ancaq çıxdıq oyuna, cəmi 17 dəqiqə sonra 2 top fərqi ilə geriyə düşdük. Kimsə bu cür enişləri bəxtsizliklə əlaqələndirə bilər, amma mən fikrimdə qalıram ki, bu, təcrübənin az olmasından qaynaqlanan məsələdi. Gəlin real qiyməti verək. Cəmi 3 il öncə ən böyük arzumuz avrokuboklara vəsiqə əldə etmək idi. Özü də heyətimiz ilk 2 pillənin sahibi ilə heç müqayisəyə gələ bilməzdi. Murad Musayev gəldikdən sonra da hansısa əlahiddə adımız yox idi. Əlbəttə, indiki "Sabah" fərqlidir. Ancaq anlamalıyıq ki, cəmi 2 il ötüb. Bu, 5, 7, 10 illik tarixi əhatə edən zaman kəsiyində deyil. Və əgər bütün çətinliklərə rəğmən, biz ilk "üçlük"dəyiksə, deməli, müsbət dinamikadayıq.  Ancaq qeyd etdiyim məqamı məhz təcrübəyə bağlayıram. Hər birimiz təcrübə yığmalı, böyüməliyik. Bəzən futbol camiəsinin simaları ilə söhbət edərkən deyirəm ki, bütün sağlam tənqidə baxmayaraq, "Sabah"ın mövcudluğu Azərbaycan futbolu üçün müsbət haldır axı. Və bu, Premyer Liqada keçirdiyimiz vur-tut 6 il müddətində baş verib. Razılaşın ki, olduqca qısa müddətdi. Futbol ölçüləri ilə biz hələ çox gəncik.

 

- Ancaq gənc olmasına rəğmən, müəyyən insanlar komandanızın nə vaxt çempionluq uğrunda mübarizə aparacağına dair sual verir... Siz nə vaxt qızıl medallar üçün oynayacaqsınız?

- "Sabah" hər il qızıl medal uğrunda mübarizə aparır. Bu, hər bir komandanın arzusudur. O başqa məsələ ki, bizim buna yetərincə gücümüz varmı? Bu gün "Qarabağ"ın gücü hər kəsə bəllidir. Bunu etiraf etmək lazımdır. Bu, İspaniyada da belədi, İngiltərədə də. Bu cür hallar nə zaman baş verir? Favorit büdrəyəndə. 2022-2023 mövsümündə biz çempionluq xalı toplamışdıq. Lakin ən yaxşı mövsümümüzü keçirəndə, "Qarabağ" ilk məğlubiyyətini apreldə yaşadı. Onlara biz qalib gəlmişdik - 2:1. Bundan əvvəlki və sonrakı mövsümə fikir versəniz, görərsiniz ki, Ağdam təmsilçisi çempionatın startlnda xallar itirib. Bu gün qızıl medal əldə etməyimiz üçün yaranmış şanslardan istifadə etməyə hazır olmalıyıq. Bu, qısamüddətli variantdı. Uzunmüddətli layihə kimi yanaşsaq, buna zaman lazımdı. Bunu qəbul etmək lazımdı ki, Azərbaycanda "Qarabağ" kimi komanda var və çempionluq üçün onlardan güclü olmalıyıq.

 

- Yadınıza gələr, uşaqlıq illərimizdə "Brüs Li döyər, yoxsa Van Damm" sualı əbədi mübahisə mövzumuz olardı. Sizcə, kim döyər, Murad yoxsa Kruno?

- Baxır döyüş harda və hansı şərait altında baş tutacaq. Hər bir məşqçinin öz yanaşması və üstün tərəfləri var.

 

- Ancaq tamaşaçıya Murad Oleqoviçin futbolu daha doğma gəlirdi...

- Elə Renduliçin rəhbərliyi altında da kifayət qədər parlaq oyunlarımız olub. Həm də tarixdə nəticə qalır.

 

- Aleksey Kaşukun Azərbaycanda tanınması "Sabah"ın adına bağlıdı. Ancaq ikinci qayıdışı "Qarabağ"a oldu. Bu mübarizədə iştirak edirdiniz?

- Kaşuku Azərbaycana məhz "Sabah" gətirib. Ən yaxşı günlərini məhz bizdə keçirib. Bildiyim qədər ilə ən yaxşı təkliflərini də, yerli klublar da daxil olmaqla məhz "Sabah"da oynadıqdan sonra alıb. Klubumuzdan ayrıldıqdan sonra daim Alekseylə əlaqədə olurduq -  istər "Şaxtyor"da olduğu müddət olsun, istər problemləri yarandığı dövrdə, istərsə də Donetsk təmsilçisindən ayrıldıqdan sonra. "Sabah"ın qapıları daim onun üzünə açıq idi. "Şaxtyor"dan ayrıldıqdan sonra da bazamızda məşq etməsi üçün şərait yaratmışdıq. "Qarabağ"a keçənə kimi də bizim fitnes məşqçisi ona fərdi məşq keçirdi.

 

- Bir qədər də "Sabah"ın futbol Akademiyası barədə danışaq. Bir vaxtlar "Qəbələ", indi də siz eyni yolla gedirsiz ki, məncə, bu, yanlış addımdı. Yanlışlıq nədədi? Şəraitinizə və imkanınıza görə, ölkənin dördbir yanından istedadları akademiyaya cəlb edirsiz ki, bu da uşaq futbolunda rəqabətsizlik fonu yaradır. Bu da ölkədə ümumi inkişafın qarşısını alır. Razılaşın ki, belədə, siz də istədiyiniz nəticəni görə bilmirsiz...

- İlk dəfə deyil ki, bu iradı eşidirəm. Biz uşaqlar üçün yaxşı şərait yaratmağa çalışırıq. Ötən mövsümə nəzər salsaz görərsiz ki, AFFA-nın təşkil etdiyi liqalarda yetərincə rəqabət var. Aşağı yaş qruplarında uşaqların bizə üz tutmasının əsas səbəbi burada onlar üçün yaradılan şəraitdir. 6-7 il əvvəl "Sabah"ı kim tanıyırdı? Hazırda isə şəxsən mənə gün ərzində neçə nəfər zəng edir ki, uşağımı "Sabah"ın akademiyasında görmək istəyirəm. Demirəm ki, biz çox pul xərcləyirik deyə, insanlar bizə üz tutur. Amma Azərbaycan reallığında biz doğrudan da nəsə iş görmək istəyirik. Başqa klublarla müqaviləsi olan heç bir uşağı götürmürük. Azərbaycanın hər yerindən uşaqları Bakıya gətirə, onların inkişafı naminə vəsait xərcləyiriksə, burda nə pis iş var? Kiminsə, məsələn "Qarabağ" kimi adı-sanı, hansısa klubun qədim tarixi, əla şəraiti varsa, biz də nəsə etməliyik ki, akademiyamız böyüsün və inkişaf etsin. Və ən vacibi klub rəhbərliyi bu işdə maraqlıdı. Bu gün futbolla məşğul olan uşaqların 70 faizi gələcəkdə futbolçu olmur. Ancaq biz çalışırıq ki, onlar futbolçu olmasa da, təhsilli olsunlar. Gələcəkdə akademiyamızın yetirmələrinin satışından pul qazanacağıq? Bilirik ki, transfer bazarında cibində Avropa pasportu olmayanları satmaq çox çətindi. Onların yetirməsi olduğu klubda oynamasını istəyirik. Uşaq futbolunda yaxşı təmsil olunmağımıza çalışırıq. İnkişafa nail olmaq istəyiriksə, nəinki "Sabah"ın aşağı yaş qrupuları, bütün klubların uşaq komandaları xaricdə təşkil olunan turnirlərə qatılmalıdı. Ötən il "Qarabağ" bir neçə yaş qrupunu turnirlərə yollamışdı ki, bu da alqışa layiq addımdı. 6 il əvvəl qarşımıza qoyduğumuz əsas məqsədlərdən biri də akademiyanın təşkili idi. 6 ilə böyüyən uşaqlarla U-19 çempionatının qalibi olmaq istəyirdik və istədiyimizə də nail olduq. Bu il ilk dəfə ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcəyik. Qarşımızda yaxın və uzaq müddətə hesablanmış hədəflərimiz var. Qarşıya qoyulan məqsədə çatmaq üçün də əlimizdə olan imkandan maksimum istifadə edəcəyik. Dəfələrlə istər Klublar Komitəsinin iclasında, indi də İcraiyyə Komitəsində uşaqlarımız çox olduğundan "Sabah-1" və "Sabah-2" yaratmaq məsələsini müzakirəyə çıxarmışıq. Bunu istənilən klubumuz edə bilər. Kim deyir ki, rəqabət olmayacaq, yanılır. "Sabah-2" istəyəcək ki, "Sabah-1"i qabaqlasın. Nə fərqi var sonda kim qalib olacaq, əsas odu uşaqlarımız inkişaf edəcək, "artıracaq". Mənim oğlum da futbol oynayır. Mən AFFA-da deyirəm ki, elə etməliyik ki, valideynlər həftəsonu çempionat oyunlarını izləyəndə ləzzət alsınlar. Onlar üçün şərait yaradılmalıdı. Bu mədəniyyəti formalaşdırmaq lazımdı. İş həftəsinin sonunda o biri oğlumu da yanıma alıb bir fincan kofe və peçenye ilə oyunları izləyib istirahət etmək istəyirəm. Bu gün uşaqlar "Neftçi"nin köhnə bazasında oynayırlar. Valideynlərin orda oyun izləməsi üçün şərait yoxdu, heç nə görə bilmirlər. Və belədə, əsəbləşib bir-birini acılayırlar. Bir sözlə, çox iş görmək lazımdı. Məhz ordan stadiona getmək mədəniyyəti formalaşacaq. Uşaq vaxtı atam əlimdən tutub "Neftçi"nin oyunlarına aparırdı. Uşaq vaxtı gördüklərim hələ də xatirimdədi. Bəli, o komanda bütün ölkəni təmsil edirdi. Ona görə, tribunalarda anşlaq olurdu. Ancaq yenə də bizdə stadiona getmək, oyunları canlı izləmək mədəniyyəti formalaşmışdı.

 

- Fikrimcə, bölgələrdə stadionlar tikilməli və klublar yaradılmalıdı. İnkişaf üçün bu lazımdı...

- Sizcə, "Sabah" bölgələrdə stadion tikməlidi? Mən inkişafda maraqlıyam. Ancaq 10 nöqtədə bunu edə bilmərəm. Bölgələrdə iş görmək üçün geniş ştat lazımdı. Bu həm də əlavə büdcə deməkdi. "Sabah" burda öz işini görür. Mən Bakıda hələ işlərimi  yekunlaşdırmamışam, hələ reallaşdırmaq istədiyimiz çox layihələrimiz var. Akademiyada gördüyümüz işlərlə kifayətlənmək istəmirik. Əlavə olaraq fitnes məşqçiləri, dietoloqlar dəvət etmək istəyirik. Bu da əlavə investisiyadı.

 

- İlk dəfə UEFA Gənclər Liqasında mübarizə aparacaq U-19 komandanızdan gözləntiniz...

- Bu suala cavab vermək çətindi. Düzünü desəm, "Bazel"in U-19 komandası barədə ətraflı məlumatım yoxdu. Püşk yeni atılıb, rəqibi yaxından tanımaq üçün vaxtımız olacaq. "Sabah"ın U-19 komandasında kifayət qədər istedadlı yerli futbolçular var. Onlar son mövsümdə Gənclər Liqasını qazanmaqla bunu bir daha sübut etdilər. Onu da qeyd edim ki, U-19-la çempion olan uşaqların əksəriyyəti akademiyamızın yarandığı 2018-ci ildən bizim sıralarımızdadır. UEFA Gənclər Liqasında iştirak həm klub kimi bizim, həm də həmin uşaqlar üçün yeni təcrübədir. Bundan əlavə, bu yaxınlarda U-19 komandamıza 2006-cı il doğumlu nigeriyalını və qanalı cəlb etmişik. Biz istəyirik ki, başqa ölkələrdən də sonradan əsas komandaya yüksələ biləcək potensiala malik istedadlı yeniyetmələr cəlb edək. Böyük klublar Afrikada təşkil olunan turnirləri nəzarətdə saxlayırlar. Ən yaxşıları onlar və futbol agentlikləri özlərinə götürürlər. Yerdə qalanları, daha dəqiq desəm, 50-nin 50-yə perspektiv vəd edənləri də bizim kimi klublar əldə edə bilər. Biz bu işə başlamışıq.

 

- Nigeriyalıdan söz açdız. Yəqin plan belədi ki, özünü doğruldacağı halda 5 ildən sonra ona vətəndaşlıq alacaqsız...

- Yox niyə ki? Mən ümumiyyətlə, "milliləşdirilmə"nin əleyhinəyəm. Hesab edirəm ki, Azərbaycanda və ondan kənarda doğulan azərbaycanlılar oynamalıdı. Bu məsələdə əsas qazanc odu ki, iki il ərzində onunla düzgün işləsək, əsas komandaya yüksələ bilər. Və ən əsası futbolçu bizə dəfələrlə ucuz başa gələr. Onun komandaya münasibəti fərqli olacaq. Çünki, burda böyüyüb.

 

- AFFA və İcraiyyə Komitəsində nə var, nə yox?

- İcraiyyə Komitəsində təmsil olunan həmkarlarla yaxın günlərdə bir araya gələcəyik. İcraiyyə Komitəsinin toplantısı olmalıdı. Cari məsələləri müzakirə edirik. Hakimlər Komitəsinin rəhbərini seçməli idik. Ona qədər baş məşqçi məsələsi gündəmdə idi. Və bundan başqa yaxın və uzaq gələcək üçün planlar var ki, onlar da gündəmdədi.

 

- Təcrübə göstərir ki, Karlos Alberto Torresdən üzü bu yana milliyə dəvət olunan əcnəbi məşqçilərlə heç nəyə nail ola bilmirik. Yaxın gələcəkdə millimizin hansısa böyük turnirin final mərhələsinə vəsiqə qazanacağı da real görünmədiyi halda, əcnəbi baş məşqçi bizim nəyimizə lazımdı?

- Bu məsələyə bir qədər fərqli yanaşıram. Məsələ onda deyil ki, niyə məhz əcnəbi mütəxəssis və ya niyə azərbaycanlı məşqçi yox? (bir qədər düşünür) Mən sizə belə sual verim. İndiki halda azərbaycanlı məşqçilərdən kimi millinin "sükanı arxasında" görürsüz?

 

- Məncə, kim dəvət olunsa, heç nə dəyişməyəcək…

- Ancaq insanlar inanır və gözləyir. Fernandu Santuşun təyinatı vaxtı mənim yaşla bağlı tərəddüdüm var idi. Ancaq özü ilə görüşəndən sonra fikrim dəyişdi.  Düzü, gələcəkdə necə olacaq, deyə bilmərəm. Ancaq təcrübəsi və işi mənə xoş gəlir. Gəlin Santuşa vaxt verək. Zaman onun təyinatının düz və ya yanlış olduğunu göstərəcək. Niyə yerli yox? Gəlin niyə məhz Santuş təyin olundu sualı ətrafında danışaq.

 

- Deyək ki, Fernandu Santuşun müqaviləsində X məbləğ göstərilib. Məncə, yerli mütəxəssis portuliqalıdan dəfələrlə az məvacibə millidə çalışmağa razılaşardı...

 

- Baş məşqçinin məvacibi üçün AFFA-da müəyyyən büdcə var. Santuşun əmək haqqısı büdcəni aşmır. Azərbaycanlı mütəxəssis olsaydı belə ona da bu büdcə çərçivəsində məvacib veriləcəkdi.

 

- Burda söhbət heç də Qurban Qurbanovdan getmir. Bilirik ki, Qurban müəllim özü millidə çalışmağı istəməyib. Onun çiynində "Qarabağ"ın timsalında böyük yük var. Hazırda 5 yerli məşqçinin adını çəkə bilərəm ki, eyni nəticəni verə bilər. Canni de Byazi, ona qədər Nikola Yurçeviç... Hər dəfə də deyirik ki, ona-buna şans verək. Şans verilir, ancaq ortada heç nə yoxdu. Biz qocalırıq, ancaq nəticələr dəyişmir...

- Öncədən portuqaliyalının bizə heç nə verməyəcəyini söyləmək düz olmaz. Əvvəla nə gözlədiyimizi müəyyənləşdirməliyik. Bizə təsadüfi qalibiyyətlər, yoxsa uzun müddətli nəticələr lazımdır? Uzun müddətli nəticələr lazımdırsa əlbəttə bunun üçün müəyyən vaxt lazım olacaq. Fikrimcə, yekun mülahizə üçün hələ tezdir. 

 

- Milli komanda yerli mütəxəssisin rəhbərliyi altında qrupda 3-cü yeri tutur. Görəndə ki, pley-offa adlamaq üçün gücümüz var və yerli məşqçi ilə bunu bacarmırıq, onda əcnəbi dəvət etmək olar... Yığma komanda ən yaxşı nəticəni Robert Prosineçkinin dönəmində göstərib və biz də ona hörmət edirdik. Həmin vaxt da bir neçə futbolçumuz ölkə xaricində çıxış edirdi və formalarının zirvəsində idilər. Gəlin etiraf edək ki, Azərbaycan kimi yığmalarda baş məşqçi heç də hər şeyi dəyişmir…

- Gəlin gözləyək. Cari mövsümün sonuna kimi mənzərə aydın görünəcək.

 

- Belə çıxır ki, portuqaliyalı tsklin sonunda uğursuz olsa, onunla yollar ayrılacaq?

- Təbii ki, o uğursuz olsa, bu məsələ İK-da müzakirə oluna bilər. Bunu əlbəttə ki, öz adımdan, İK üzvü kimi deyirəm.

 

- Kuluarlarda gəzən söz-söhbətə görə, Hakimlər Komitəsinin rəhbəri yerli mütəxəssis olsa, hansısa klublara güzəşt edə bilər. Məhz bu səbəbdən komitə rəhbərliyinə əcnəbi dəvət olunub?

- Bunu kim deyir?

 

- Kuluarlarda danışırlar...

-  AFFA-da çalışanların qarşısına komitəyə rəhbərlik edə biləcək namizədin tapılması tapşırığı qoyulmuşdu. Müəyyən vaxtdan sonra bəlli oldu ki, yerlilər arasında namizəd yoxdu. Belə olan halda kənarda komitə sədrliyinə namizəd axtarmaq lazım gəldi. Bildiyim qədər yeni əcnəbi funksionerin yanında yerlilərdən birinin olması şərt kimi qəbul olunmuşdu.  Frank de Blekerin üstünlüyü ondadı ki, UEFA-nın nəznində fəaliyyət göstərən gənc hakimlər məktəbinə də rəhbərlik edir. Bu amil də bizim üçün vacib məqamdı. Razılaşın ki, hakimlərimiz də böyüməlidi.

 

- Sualım TV yayınla bağlıdı. Etiraf edək ki, bəzən epizodların təkrarına baxdıqda belə, şübhəli məqamları aydın görə bilmirsən. Təbii ki, bu da texnologiya ilə bağlıdı. Daha keyfiyyətli yayın üçün AFFA yeni avadanlıq almaqda maraqlıdı?

- Bu yöndə müəyyən işlər görülüb. Sizi bilmirəm, mən artıq yayımın daha keyfiyyətli olduğunu görürəm. Əvvəlki oyunlarla sonuncu matçları müqayisə edə bilərsiz.

 

- Bunu AFFA edib?

- Bəli. Bizə keyfiyyətli avadanlıqla yanaşı, futbolu yaxşı çəkməyi də öyrənmək lazımdı.  Bilirsiz, söhbət burda heç də daha keyfiyyətli kameradan getmir. Bu məsələdə klubların da üzərinə iş düşür. Meydan yaxşı vəziyyətdə olmalıdı, stadionlarda yayım üçün normal şərait yaradılmalıdı.

 

- Həm İcraiyyə Komitəsinin üzvü, həm də klub rəhbəri kimi fikrinizi bilmək istərdik. Hakimlərin bəzən adi ofsaydı müəyyənləşdirmək üçün bir epizoda 5 dəqiqə və ya daha artıq vaxt sərf etməsini necə qarşılayırsız?

-  Məhz buna görə Frank de Blekeri dəvət etmişik.  Ötən il Klublar Komitəsinin sədri kimi sabiq komitə rəhbəri Barış Şimşəklə klublar arasında görüş təşkil etdik. Və KK olaraq müraciət etdik ki, bizə VAR-da necə işlədiklərini göstərsin. Proses məlum oldu. O da aydınlaşdı ki, niyə qərarlar gec verilir.

 

- Daha tez qərar qəbul etmək olmaz?

- Bu məsələni iki yolla tənzimləmək mümkündü. Birinci variant insanları bunu tez etməyi öyrətməkdi. Bu həm də təcrübə hesabına nizamlanır. Yeri gəlmişkən, bizdə ofsaydı müəyyən edən kameralar yox idi. İkinci variant isə avtomotaik sistemin tətbiqidi ki, onu da quraşdırmaq böyük vəsait tələb edir.

 

- Belə çıxır ki, "böyük beşlik" ölkələrinin çempionatında fərqli sistemdən istifadə olunur?

- Bəli. Bu demək deyil ki, AFFA həmin sistemi tətbiq etməklə məsələni yoluna qoya bilər. İlk növbədə stadionlarda istənilən şərait olmalıdı.

 

- VAR-dan imtina etməliyik?

- Yararlandığımız sistemdən əksər ölkələrdə istifadə olunur. Sadəcə, daha qısa vaxtda qərar verməyi öyrənməliyik. Bu barədə İsveçdən gələn qonaqlarla da söhbətimiz olub. Bilirsiz ki, İsveç yeganə ölkədi ki, çempionatında VAR-dan istifadə olunmur. Onlarda da mübahisəli epizodlarla bağlı kifayət qədər problem var. VAR-dan imtina yox, daha səmərəli yaralanmağın yolunu öyrənmək lazımdı.