"Komanda ilə birgə məşq etməyimə və adımın iştirak ərizəsinə salınmasına baxmayaraq hələ də zədəmi tam sağaltmamışam, ağrılarım var. Bu da səbəbsiz deyil, bir ilə yaxın futbolsuz qaldım. İndi məşq edəndə ağrının olması normaldı". Bu sözləri Sport24.az-a açıqlamasında "Neftçi"nin qapıçısı Emil Balayev deyib.

 

Təcrübəli qolkiper komandadakı gənc həmkarları barədə də danışıb: "Rza ilə Rüstəmdən təcrübəli olsam da, onların hər biri üzərlərində çox işləyən, perspektivli qapıçılardı. Məşqlərdə var gücləri ilə çalışırlar. Gənc olmalarına rəğmən onları güclü qapıçılar hesab edirəm. Tək Rza yox, Rüstəm də meydana çıxarsa, özünü yaxşı tərəfdən göstərməyə hazırdı".

 

Qeyd edək ki, Balayev ötən ilin yayında Rusiyada təşkil olunan və "Neftçi"nin də qatıldığı  "Matç TV" turnirində "Srvena Zvezda" ilə qarşılaşmada zədələnib.

 

ABDULLA İSMAYILOĞLU