Sport24.az saytı bu ildən yeni rubrikayla - "Matçın qəhrəmanı"yla (Man of the match) görüşünüzə gəlib. Premyer Liqamızda hər oyuna ayrılıqda nəzər salaraq, onun qəhrəmanını seçirik. Bu dəfə XVII turdakı qarşılaşmalara bir-bir nəzər salacağıq. 

"Qəbələ" - "Sumqayıt": Matçın qəhrəmanı - Ceyms Adeniyi ("Qəbələ")

Qəbələdəki matçda qonaqlar qələbəyə daha şanslı sayılsalar da, sonda heç 1 xal da qazana bilmədilər. Oyunun müqəddəratını Ceyms Adeniyi həll etdi. Niheriyalı hücumçunun fasilədən 6 dəqiqə sonra vurduğu qol "Qəbələ"yə vacib qələbə qazandırdı. O mənada ki, əyalət təmsilçisi turnir cədvəlində ondan 1 pillə irəlidə olan "Sumqayıt"la xal fərqini 2-yə azaltdı. 

"Zirə" - "Neftçi": Matçın qəhrəmanı - Davit Volkov ("Zirə")

Bu gürcü hücumçu artrıq "Neftçi"nin qəniminə çevrilir. Çünki cari çempionatdakı Zirədəki ilk görüşdə də məhz Volkov ikinci hissədə vurduğu yeganə qolla komandasına qələbə qazandırmışdı. Onda "Neftçi"nin serbiyalı müdafiəçisi Vojislav Stankoviçlə qapıçısı Aqil Məmmədov arasında anlaşılmazlıq həlledici olmuşdu ki, Davit bu hədiyyədən yararlanmışdı. İndisə "ağ-qaralar"ın ümumi müdafiə xətti bir Volkovun öhdəsindən gələ bilməyərək, onun qapıçıyla təkbətək çıxmasıa və topu tora göndərməsinə əngəl ola bilmədi.

"Sabah" - "Keşlə": Matçın qəhrəmanı - Tiemoko Fofana ("Sabah")

"Sabah"ın qış transferi olan afrikalı bu hücumçu gəldiyi gündən yaxşı oyununla diqqət çəkir. Fofana nəhayət, Azərbaycanda qol hesabını da aça bildi. O, bunu Masazırda reallaşdıraraq, "Keşlə"ylə görüşün 90+1-ci dəqiqəsondə başla dəqiq zərbəylə komandasını məğlubiyyətdən xilas etdi.

"Qarabağ" - "Səbail": Matçın qəhrəmanı - Xayme Romero ("Qarabağ")

"Qarabağ"ın qələbəsi gözlənilən idi, ancaq bunun çətinliklə əldə ediləcəyi yox. Həmin yeganə qolu Xayme Romero yaratdı. Belə ki, ispaniyalı vingerin fərdi ustalığı - 72-ci dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirməsi ilə komandasına 3 xal və "Neftçi"ylə şərikli liderlik gətirdi.