"İlk oyunun birinci hissəsində "Sabah"ın oyunu normal idi. Yaxşı hücumları və pressinqləri də var idi. Bu sözləri Sport24.az-a Mahmud Qurbanov deyib.

Mütəxəssis Bakl təmsilçisinin bu gün Sloveniyada "Çelye"yə qarşı keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Bakıdakı görüşün birinci yarısında qonaqlara çox imkan verilmirdi. Müdafiəçilərə təzyiq etdilər, sürətli hücumlar qurdular və qollar vurdular. Bunların hamısı "Sabah"ın yaxşı oyununa görə idi. Amma ikinci hissədə əksinə, Sloveniya klubunu meydanda gördük. "Sabah" isə rəqibini müdafiədə qarşılaşmağa başladı".

Qurbanovun sözlərinə görə, "bayquşlar" sanki həmin vaxt sürətli əks-hücuma kökləniblərlər:

"Rəqib isə buna imkan vermədi. Sloveniya klubu da olsa, ispan futbolu oynayırdılar. İkinci yarıda mərkəzədək çox rahat gəlirdilər. Nəticədə, qollar vurdular. "Sabah"ın da iki yaxşı epizodu oldu. Amma yararlana bilmədilər. Çərçivəyə düşə bilmədilər və bundan iki dəqiqə sonra qonaqlar sonuncu dəqiqədə fərqləndi və qalib gəldi".

O, "Çelye"nin ideal komanda olmadığını söyləyib: "İkinci hissədə yaxşı oynadılar, amma onların da səhvləri var idi. Cavab görüşündən əvvəl şanslar bərabərdir. "Sabah" bu gün mərhələni keçə bilər. Amma Bakıdakı qarşılaşmanın birinci hissəsindəki oyunu sərgiləməlidirlər. İkinci yarıdakı kimi oynasalar, çox çətin olacaq. Düşünürəm ki, şans var. Rəqib keçilməz komanda deyil. "Sabah"la eyni gücdədir".

Qeyd edək ki, "Çelye" - "Sabah" oyunu bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Azərbaycandakı ilk matçda qonaqlar qələbəyə seviniblər - 3:2.