Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Almaniyanın "Kayzerslautern" klubundakı taleyinə aydınlıq gəlib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, II Bundesliqa təmsilçisi 29 yaşlı hücumçu ilə yollarını ayırmaqda qərarlıdır.
Mənbənin bildirdiyinə əsasən, klub rəhbərliyi bu məsələ ilə bağlı idman direktoru Marsel Klosaya xüsusi tapşırıq da verib. Ona Mahir Emreli üçün qısa müddətdə yeni klub tapılması həvalə olunub.
"Kayzerslautern" yaxın günlərdə yeni mövsümün hazırlığına start verəcək. Baş məşqçi Torsten Liberknext də Emrelini gələcək planlarında görmür. Alman mütəxəssis rəhbərliyə hücumçunun komandanın layihəsinə daxil olmadığını açıq şəkildə çatdırıb.
Qeyd edək ki, Mahir Emreli də karyerasını başqa klubda davam etdirmək niyyətindədir. Azərbaycan millisinin üzvü hazırda agenti vasitəsilə özünə yeni komanda axtarır.