Bu gün Bakıda Türkiyə Super Liqa klubu “Alanyaspor”un futbol məktəbinin açılışı olub. Həmin məktəbin açılışında iştirak edən AFFA-nın baş katibi Sərxan Hacıyev tədbirdən sonra Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. 

- Türkiyə qardaş ölkə olsa da, “Alanyaspor” futbol məktəbinin açılması beynəlxalq tədbirdir. Bunun yerli futbola nə kimi dəstəyi ola bilər?

- Əlbəttə ki, belə məktəblərin açılması Azərbaycan futboluna yalnız müsbət təsir göstərə bilər. Həmçinin “Alanyaspor” futbol məktəbinin açılması gələcəkdə futbolumuza yaxşı təsir göstərəcək. Təşəbbüskarlara mən də öz təbriklərimi çatdırmaq istəyirəm. “Alanyaspor”u da Türkiyə Super Liqasında uğurlu çıxışı münasibəti ilə təbrik edirəm.

- Bəs, “Alanyspor” futbol məktəbinin təşkilatçıları AFFA-dan hansısa dəstək gözləyə bilər?

- İstənilən danışıqlara açığıq. Görüş barədə bizə müraciət etdilər. AFFA olaraq bütün istək və təklifləri həyata keçirməyə çalışacağıq.

- Milli komandamızın iyunda başlayacaq UEFA Millətlər Liqasındakı oyunlarından gözləntiniz nədi?

- Millinin qarşısına qoyulan vəzifə ancaq qələbə və qrup lideri olmaqdı. İnşallah, bu hədəfimizə çatarıq. 

- Amma onu da nəzərə alaq ki,  milli futbolçşularımndan ağır mövsümdən sonra yorğunluq olacaq - həm fiziki, həm də psixoloji planda. Bu, problem yaratmayacaq?

– Bəli razıyam ki, yığmanın oyunçularında yorğunluq var. Bu da anlaşılandır. Belə faktlar qaçılmazdır. Ona görə ki, mövsümün sonudur.  Amma onu da nəzərə alaq ki yorğunluq məsələləri peşəkarlıq varsa, ikinci plana keçir. Əminəm ki, həm futbolçular, həm də məşqçilər əllərindən gələni edəcəklər ki, hər şeyin ən yaxşısına nail olaq. 

- Bəs, ölkəmizi avrokuboklarda təmsil edəcək klublarla bağlı gözləntiləriniz necədir?

– Ölkəmizi avrokuboklarda təmsil edən klublara uğurlar arzulayırıq. Onlardan yalnız qələbə gözləyirik. “Qarabağ”ı xüsusi qeyd edərdim, böyük təcrübəsi var. Ümid edirik ki, bu dəfə əvvəlkilərdən də yaxşı oynayacaqlar. Digər klublarımızın isə qrup mərhələsinə adlamasını arzulayırıq. 

- Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək klubların – “Kəpəz” və “Turan Tovuz”un aqibəti necə olacaq? Onlara AFFA tərəfindən cəmi 500 min manat ayrılacağı deyilir...

– Bəli, maliyyə məsələsi çox müzakirə olunur. Həm “Turan Tovuz”, həm “Kəpəz”, həm də I Diviziona yüksələn klubların dəstəyə ehtiyacı var. Klublara kənar sponsorlardan da dəstək olmalıdır ki, onlar istədikləri kimi çıxış etsinlər. Biz AFFA olaraq sahibkarlardan və iş adamlarından onlara maliyyə dəstəyi vermələrini xahiş etmişik.  Burda şərtlər də var.

- Detallı bilmək maraqlı olardı...

- Premyer Liqaya yüksələn klublar, məsələn, “Kəpəz” 1 milyon manat xərcləməyə hazır olan sponsor tapsa, AFFA da əlavə bir o qədər verəcək. Hazırda klublar bu məbləği tapa bilmədiyi üçün AFFA bu vəsaiti ayırmayıb. Bu məsələ növbəti mövsümdən I Divizionda çıxış edəcək “Mingəçevir”, “İmişli” və “Araz-Naxçıvan” klublarına da aiddir.

- Ola bilərmi ki, adıçəkilən klublar hər hansısa problem ucbatından Premyer Liqada çıxış edə bilməsinlər?

- AFFA-nın Lisenziya Komissiyası tərəfindən hər iki kluba lisenziya verilib. Sadəcə, “Turan Tovuz” və “Kəpəz”in rəsmi olaraq Premyer Liqada iştirak etməsinə İcraiyyə Komitəsi (İK) icazə verəcək. Bilirsiniz ki, əvvəllər bizdə 8 komanda Premyer Liqada iştirak edib. Əlavə 2 komandanın iştirakına görə İcraiyyə Komitəsi qərar verməlidir. Növbəti həftələrdə İcraiyyə Komitəsinin iclası gözlənilir. Bir neçə məsələ orada müzakirə olunacaq. Bu məsələlərdən biri də məhz “Turan Tovuz” və “Kəpəz”in Premyer Liqaya buraxılması ilə bağlı olacaq. Orda bayaq verilən sualın cavabı bilinəcək.

- Region Liqasında başa çatan mövsümə necə yekun vurardınız? Gələn mövsüm də AFFA bu çempionatı keçirəcək? Hansı dəyişikliklər gözlənilir?

- Region Liqası gələn mövsüm də baş tutacaq. Bu mövsüm Region Liqası olduqca maraqlı keçdi. Regionlarda azarkeşlərin futbol üçün necə darıxdığının şahidi olduq. Final matçı da olduqca baxımlı alındı. Meydanda üclü rəqabət gedirdi. Qalib olan “Cəbrayıl” klubunu təbrik edirəm. “Xan Lənkəran” klubu da uğurlu çıxışı ilə yadda qaldı. UEFA Region Kubokunun Azərbaycanda keçirilməsinin təşəbbüskarı bizik. Belarus bu yarışı keçirə bilmədiyindən, məsuliyyəti öz üzərimizə götürmüşük. 

- Region Liqasının qalibi “Cəbrayıl” klubuna çempion olduğuna görə 10 min manat verilməli idi...

– Qeyd edim ki, dünən “Cəbrayıl” klubu ilə görüş keçirmişik. AFFA olaraq bizdən bir neçə xahişlər oldu ki, biz də bunu yerdə qoymamağa çalışacağıq. Biz Azərbaycanı Avropada təmsil edən komandaya mütləq dəstək göstərməliyik.

 

 

MEHMAN SÜLEYMANOV