“Hələ ki, stadionunun hansı tarixdən təmirə bağlanacağı ilə bağlı rəsmi xəbər yoxdu. Bu səbəbdən növbəti ev oyunumuzu Gəncədən kənarda keçirib-keçirməməyimizlə bağlı bir söz demək mümkün deyil. Ancaq dünən rəhbərlik səviyyəsində məsələ ilə bağlı fikir mübadiləsi oldu. İlkin vaxriant kimi Tovuz şəhər stadionu nəzərdə tutulub”. Bu sözləri Sport24.az-a açıqlamasında “Kəpəz”in mətbuat katibi Azad Mustafayev bildirib. 

Ötən gün Premyer Liqanın VIII turu çərçivəsində baş tutacaq “Qəbələ” ilə oyundan sonra Gəncə şəhər stadionunun təmirə bağlanacağını, “Kəpəz”in mövsümün qalan ev oyunlarını şəhərdən kənarda keçirəcəyini xəbər vermişdik. Onu da bildirmişdik ki, “sarı-göylər” ötən il olduğu kimi 2023/24 “futbol ili”ndə də rəqiblərini Qəbələdə qəbul edə bilər. Ancaq klub rəsmisi indiki məqamda daha çox Tovuz variantının üstündə dayandıqlarını, ancaq Qəbələyə də yollana biləcəklərini istisna etmədi: “Qəbələdə də oynamağımız mümkündü. Tovuzdan sonra bizə yaxın bölgə məhz Qəbələdi. Hələ ki, məsələ ilə bağlı nə “Turan Tovuz”, nə də “Qəbələ” rəhbərliyinə müraciət etmişik. Yaxın günlərdə bütün suallara aydınlıq gələcək”.

Qeyd edək ki, “Kəpəz” stadionun qəzalı vəziyyətdə olması səbəbindən ötən mövsümün gedişində də bir müddət rəqiblərini “Dalğa Arena” və Qəbələ şəhər stadionunda qəbul etmək məcburiyyətində qalmışdı.

 

RƏŞAD QASIMOV