Misli Premyer Liqasında hakim qərarları ilə bağlı müzakirələr səngimək bilmir. Xüsusilə baş hakim Əli Əliyevin idarə etdiyi "Kəpəz"in oyunları diqqət çəkir.

Statistikaya görə, Gəncə təmsilçisi onun idarə etdiyi qarşılaşmalarda 2 qələbə qazanıb, 3 dəfə isə məğlub olub.

Lakin bəzi matçlardakı qərarlar ciddi müzakirələr yaradıb.

Mövsümün 2-ci turunda "Kəpəz" səfərdə "Karvan-Yevlax"a 2:3 hesabı ilə uduzub. Həmin görüşdə rəqib komandanın üç futbolçusu sarı vərəqə ilə cəzalanıb, "Kəpəz"də isə yalnız bir oyunçu xəbərdarlıq alıb. Ən çox danışılan məqam isə 90+6-cı dəqiqədə "Karvan-Yevlax"ın qapısına təyin olunan penalti olub. Buna baxmayaraq, "Kəpəz" məğlubiyyətdən qaça bilməyib.

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Turan Tovuz" "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmada tovuzluların iki futbolçusu sarı vərəqə alıb. Oyunun ən qalmaqallı anı isə baş məşqçi Kurban Berdıyev və köməkçisi Yunis Hüseynovun qırmızı vərəqə ilə texniki zonadan uzaqlaşdırılması olub. Hakimin protokolunda Berdıyevin referini itələdiyi qeyd edilib. Bu Tovuz klubuna baha-başa gəlib. Çünki Berdıyev yarımfinalın iki matçında texniki zonada yer almayıb və komanda turnirdə mübarizəni dayandırıb.

20-ci turda "Kəpəz" "Neftçi" qarşısında 1:3 hesablı məğlubiyyət alıb. Bu oyunda hakimliklə bağlı ciddi müzakirə yaranmasa da, Gəncə təmsilçisi rəqibi önündə zəif təsir bağışlayıb.

Ən çox rezonans doğuran qarşılaşmalardan biri isə 25-ci turda baş tutub. "Kəpəz" sensasion şəkildə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib. Matçdan sonra "Qarabağ"ın xeyrinə verilməyən penalti epizodu geniş müzakirə olunub və hakim qərarı birmənalı qarşılanmayıb.

30-cu turda isə "Kəpəz" "Sumqayıt" üzərində 2:1 hesablı qələbə qazanıb. Gəncə klubunun hər iki qolu penalti zərbəsindən vurulub. Bu görüşdə təyin olunan penaltilər də futbol ictimaiyyətində müxtəlif fikirlərə səbəb olub.

Beləliklə, statistik nəticələr "Kəpəz"in Əli Əliyevin idarə etdiyi oyunlarda aşkar üstünlük əldə etdiyini göstərməsə də, bir neçə qarşılaşmada verilən penalti və intizam qərarları müzakirə mövzusuna çevrilib. Bu isə hakim idarəçiliyinə dair sualları yenidən gündəmə gətirir.