"Kəpəz"in gürcüstanlı futbolçusu Mate Abuladze başqa klublardan da təklif aldığını təsdiqləyib. Bu barədə Sport24.az-a açıqlama verən 25 yaşlı müdafiəçi gələcəyi ilə bağlı qərarını artıq verdiyini bildirib.
Abuladzenin sözlərinə görə, Gəncə təmsilçisində rəhbərlik və baş məşqçi dəyişikliyi onun seçimində heç bir rol oynamayıb.
"Biz yeni müqavilə ilə bağlı razılaşmışıq. Başqa təkliflərim də var idi. Amma mən "Kəpəz"də qalacağam. Artıq bu qərarı vermişəm".
Futbolçu təklif aldığı klubların adını açıqlamaq istəməsə də, Sport24.az-ın əldə etdiyi məlumata görə, "Kəpəz"də onunla birlikdə çalışmış Azər Bağırov müdafiəçini "Şamaxı"da da görmək istəyib.
Lakin tərəflər maliyyə şərtlərində ortaq məxrəcə gələ bilməyiblər. Məhz maaş məsələsində razılıq əldə olunmadığı üçün bu keçid baş tutmayıb.
Qeyd edək ki, Mate Abuladze ötən mövsümdən "Kəpəz"in formasını geyinir və yeni mövsümdə də Gəncə təmsilçisinin uğurları üçün mübarizə aparacaq.