"Kəpəz"in futbolçusu Kennet Kalunqa Sport24.az-a müsahibə verib. Zambiyalı yarımmüdafiəçi Qərb derbisində "Turan Tovuz" üzərində qazandıqları qələbədən danışıb, doğma meydanda azarkeşlərin yaratdığı atmosferi və qarşıdakı "Şamaxı" oyunu ilə bağlı gözləntilərini bölüşüb.
– Misli Premyer Liqasının III turunda 1:0 hesabı ilə qalib gəldiniz. Qələbə haqqında nə düşünürsünüz?
– Özümü yaxşı hiss edirəm. Qələbə qazanmaq üçün çox çalışmalı olduq. Sonda əldə etdiyimiz nəticə bütün komandanın göstərdiyi səyin mükafatıdır.
– Doğma meydanınızda qalib gəldiniz. Yeni stadionunuzds atmosfer necə idi?
– Möhtəşəm atmosfer var idi. Azarkeşlər derbi üçün çox yaxşı mühit yaratmışdılar. Onların dəstəyi bizi də ruhlandırdı və komanda olaraq bundan zövq aldıq.
– Belə azarkeşlər qarşısında çıxış etmək sizə əlavə motivasiya verir?
– Əlbəttə. Onlar təkcə mənə deyil, meydanda olan hər kəsə əlavə motivasiya və dəstək verirlər. Belə azarkeşlərin qarşısında oynamaq futbolçu üçün xüsusi hissdir.
– Növbəti oyun Gəncədə "Şamaxı"ya qarşı olacaq. Bu görüşdə də qalib gələ bilərsiniz?
– Biz hər oyuna qazanmaq niyyəti ilə çıxırıq. Növbəti oyun da fərqli olmayacaq. Xüsusilə də doğma meydanda oynayacağımız üçün qələbə qazanmağa çalışacağıq. Əlimizdən gələnin ən yaxşısını etməli və azarkeşlərimizi yenidən sevindirməliyik.