"Hər il elitada qalmaq uğrunda mübarizə aparmaq çətindi. Üzərimizdə psixoloji basqı yaradır. Büdcəsi geniş olan komandalar hər mövsüm çempionluq yüksək yerlər uğrunda yarışır. Təəssüf ki, bizim maliyyə imkanımız o qədər də geniş deyil". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in kapitanı Yeqor Xvalka deyib.

 

Belaruslu müdafiəçi "Kəpəz"in heyətinin hər il dəyişməsinin komandanın oyununa da təsir etdiyini vurğulayıb: "Heç kimə sirr deyil ki, heyət hər dəfə dəyişəndə komandanın oyununda sabitlik itir. Xüsusilə də cari mövsümdə bu özünü qabarıq göstərir. 7 turdan sonra düşərgəmizə 7 yeni oyunçu qoşuldu. Özü də hamısı eyni vaxtda yox, turlar ötdükcə komandaya gəldilər. Onların uyğunlaşması, bir-birini anlaması üçün müəyyən vaxt lazımdı ki, bu da nəticələrdə özünü göstərdi. "Sumqayıt"la oyunda çox vacib 1 xal qazandıq. Ötən mövsüm qış fasiləsinə 14 xalla yollanmışdıqsa, bu dəfə 11-lə istirahətə gedirik. İnanıram ki, azarkeşlər yanvarda daha güclü "Kəpəz" görəcək".

 

Qeyd edək ki, Premyer Liqanın XVIII turu çərçivəsində "Kəpəz" dünən "Sumqayıt"la qarşılaşıb. Matç qolsuz başa çatıb.