"İdarə heyətimizin son iclasında üzvlərlə qərara gəldik ki, ev oyunlarımızın Gəncədə keçirilməsi üçün birlikdə səy göstərək. Bundan ötrü istər millət vəkilimiz Müşfiq Cəfərov olsun, istər Gəncə şəhər gənclər və idman idarəsinin rəisi Həmid Nəsirov olsun, istər Gəncə futbolunun kuratoru İsgəndər Cavadov və digər üzvlər olsun, artıq bu proseduru birlikdə davam etdirməyi qərara aldıq. Son aktivlik göz qabağındadı və gördüyünüz kimi, artıq müəyyən işlərə başlamışıq. İnanırıq ki, yaxın zamanda sevindirici xəbəri azarkeşlərə, Gəncə futbol ictimaiyyətinə təqdim edəcəyik". Bu fikirləri Sport24.az-a açıqlamasında "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri deyib. 

Premyer Liqaya 4 illik fasilədən sonra dönən "Kəpəz" hələ də ev oyunlarını təmsil etdiyi Gəncədə keçirə bilmir. Budəfəki ev matçı - "Şamaxı"yla sabahkı görüş də Qəbələdə olacaq. O da məlumdu ki, son günlərdə Gəncə şəhər icra başçısı Niyazi Bayramov və PFL prezidenti Elxan Səmədov "Kəpəz"in stadionda baxış keçiriblər. Nadiri ilk mərhələdə olan məhdudiyyəti aradan qaldırmağı çalışdıqlarını vurğulayıb: "Bundan sonrakı mərhələ artıq PFL-in tələbləridi ki, onları minimum da olsa çalışacağıq yerinə yetirək. PFL bayrağı altında keçirilən oyunlar ən azı 1300 tamaşaçı tutumu olan tribunada, UEFA standartlarına cavab verən stadionda keçirilməlidi. Orda paltardəyişmə, həkim, dopinq, konfransı otağı və digər tələblər var. Bizim üçün də bunların böyük əksəriyyəti həll olunandı. Bizdə ən böyük məhdudiyyət tribuna ilə bağlıdı".

Nadiri bu məsələni ən qısa zamanda həll etməyə çalışdıqlarını vurğulayıb: "Hər günün öz hökmü var. Bizim üçün bir oyunu evdə oynamaq dəstəkdi komanamıza. Hazırda bir neçə variant üzərində işləyirik. Bir neçə xarici ölkədən konstruksiyalı tribunanın təşkil olunması, bundan əlavə, hər hansı aşağı, qəzasız sektorlarda yenidən müayinə aparlması, ora tamaşaşı buraxılması nəzərdə tutulur. Bunlar üzərində işləyirik və inanırıq ki, tez bir zamanda sevindirici xəbər olacaq".

Xatırladaq ki, "Kəpəz" ilk turda ev matçını Bakıda - "Dalğa Arena"da keçirəndən sonra Gəncəyə daha yaxın olan Qəbələdə məskunlaşıb.

 

 

MEHMAN SÜLEYMANOV