"Kəpəz"lə matç bizim üçün çox vacib qarşılaşma idi. Çünki bundan öncəki turda "Qarabağ"dan ağır məğlubiyyət almışdıq. Hətta, həmin oyundan sonra utanmışdım". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan-Yevlax"ın futbolçusu Vadim Abdullayev deyib.

Komandanın kapitanı Misli Premyer Liqasının 27-ci turunda "Kəpəz"i məğlub etdikləri oyun haqda fikirlərini bölüşüb:

"Karyeram ərzində bu cür məğlubiyyət olmamışdı. Ümumiyyətlə, həyatımda görmədiyim və yaşamadığım şeyləri bu mövsüm ərzində yaşadım. Komandam üçün maksimum dərəcədə əlimdən gələni etməyə çalışmışam. Son saniyəyə qədər bütün gücümü ortaya qoymuşam və işimə qarşı vicdanlı olmuşam. "Kəpəz"lə oyundan bir gün əvvəl futbolçularla yığışıb söz verdik ki, ağır məğlubiyyətin əvəzini qalib gəlməklə yumalıyıq. Ən azı bunu öz adımız və azarkeşlərim üçün etməliydik. Qələbə bizim üçün gələcək oyunlar üçün əlavə motivasiya olacaq. Mövsümün sonuna yaxın çempionatda yaxşı iz buraxmaq istəyirik. Çəkdiyimiz əziyyət son matçlarda bizə stimul olacaq. Mövsümü gözəl notlarla bitirmək istəyirik".

Qeyd edək ki, "Karvan-Yevlax" - "Kəpəz" matçı meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.