Konfrans Liqasıyla vidalaşan "Neftçi"nin avrokuboklarda səfər matçlarında uğursuz statistikası qırılmadı. Sport24.az xəbər verir ki, bu, Premyer Liqamızın son gümüş medalçısının rəqib meydanında ardıcıl 5 matçdı uduzması, ən əsası qol vura bilməməsidi.

Belə ki, "ağ-qaralar" hələ keçən mövsüm 3, bu il 2 görüşdə qeyd olunan "tilsim"dən qurtula bilməyiblər. Samir Abasovun baş məşqçiliyi dövründə həmin 3 qarşılaşma Çempionlar Liqasında (ÇL) Yunanıstanda "Olimpiakos"a 0:1, Avropa Liqasında Finlandiyada HİK-ə 0:3 və Konfrans Liqasında İsraildə - Hayfada "Makkabi"yə 0:4 hesablı məğlubiyyətlər oldu.

Məlumdu ki, Abasovu mövsüm bitəndən sonra bu postda rumıniyalı həmkarı Lourentsiu Regekamf əvəzlədi. Onunla "Neftçi" Konfrans Liqasında Kiprdə "Aris"ə 0:2 məğlubiyyətlə debüt elədi, Avstriyada "Rapid"ə həmin hesabla uduzmaqla çıxışını başa vurdu.

"Ağ-qaralar"ın avrokuboklarda son səfər qolu son səfər qələbəsi olan matça təsadüf edib. Bu, 2021-ci ilin iyulun 7-də ÇL-in I təsnifat mərhələsi çərçivəsində Tiflisdə yerli "Dinamo"nu 2:1 hesabıyla məğlub etdiyi ilk oyundu. Kapitan Emin Mahmudov onda 58-ci dəqiqədə penaltidən vurduğu qolla komandasına 2:1 hesablı qələbə qazandırmışdı. Bu, "Neftçi"nin bundan sonra ən azı 1 il də son səfər qolu olaraq qalacaq və rəqib meydanında qolsuz dəqiqələri isə artıq 482 dəqiqəyə çatıb.