"Turan Tovuz" – "Fənərbağça" oyununun Bakıda keçirilməsi ilə bağlı müzakirələr davam edir. Sport24.az xəbər verir ki, bölgə klubunun azarkeşlərinin bir hissəsi qarşılaşmanın Tovuz və ya Gəncədə təşkil olunmasını daha məqsədəuyğun hesab edir.
Azərbaycan millisinin sabiq futbolçusu Vidadi Rzayev də bu fikiri dəstəkləyənlər arasındadır:
"Bu oyun Gəncə stadionunda keçirilsəydi, lap yaxşı olardı".
"Turan"ın keçmiş futbolçusu Türkiyə təmsilçisi"Fənərbağça" ilə yoldaşlıq görüşünün bölgədə keçirilməsinin tərəfdarı olduğunu bildirib:
"Məni də dəvət ediblər. Amma gəlib-gəlməyəcəyimi dəqiq bilmirəm. İşlərimdə dəyişiklik olsa, gələ bilməyəcəyəm. Hələlik vaxt var. Həmin matç Tovuzda və ya Gəncədə keçirilsəydi, lap yaxşı olardı. Tovuzda çox yaxşı stadion var. Ora nə olub ki? Azarkeş tutumu azdır? Bəs gəlin görək nə qədər bilet satılıb? Təxminən 16 min. Gəncədəki stadionda da, təxminən bu qədər azarkeş tutur. Məncə, oyunu Gəncəyə salmaq lap yaxşı olardı".
Əslində, ortaya çıxan sual da məhz budur: "Turan Tovuz"un bölgəni təmsil etdiyi halda, komandanın Türkiyənin ən məşhur klublarından biri ilə keçirəcəyi oyun niyə məhz Bakıda təşkil olunmalıdır?
Paytaxtda keçiriləcək qarşılaşmaya böyük marağın olduğu və artıq 16 minə yaxın biletin satıldığı açıqlansa da, bu, bölgə azarkeşlərinin suallarını aradan qaldırmır. Əksinə, Tovuz və Gəncə kimi futbol ənənəsi olan şəhərlərin belə bir oyuna ev sahibliyi etməsi üçün imkanların olub-olmaması məsələsini yenidən gündəmə gətirir. Gəncədə beynəlxalq hava limanının da olduğunu nəzərə alsaq, türkiyəli qonaqların Qərb bölgəsinə səfərin etməsində problem də olmayacaqdı.
Əgər məqsəd bölgə futbolunun inkişafı və "Turan Tovuz"un azarkeş kütləsinin daha yaxından dəstəklənməsidirsə, belə qarşılaşmaların paytaxtdan kənarda keçirilməsi məsələsi ən azı müzakirə olunmağa dəyər.
Qeyd edək ki, "Turan Tovuz" – "Fənərbağça" oyunu oktyabrın 3-də Bakıda keçiriləcək.