"Səbail"in kapitanı Rahid Əmirquliyev Azərbaycan milli çempionatları tarixində ən çox oyun keçirən futbolçu kimi rekordçu olaraq qalır. Amma 33 yaşlı yarımmüdafiəçi cari mövsümdə heç də həmişə oynamır. Rahid Sport24.az-a müsahibəsində həm öz, həm komandasının çıxışı haqda danışıb, Qətərdə davam edən DÇ-2022-dən də söz açıb. 

- Premyer Liqada yaranmış fasilədən sonrakı ilk oyunda “Neftçi”yə 1:3 hesabı ilə məğlub oldunuz. Ümidiniz nəyə idi, nə ilə qarşılaşdınız?

- Güclü rəqibə qarşı oynadıq, yaxşı da hazırlaşmışdıq. Ölkə kubokunun 1/8 final mərhələsində MOİK üzərindəki qələbədən sonra da düşərgədə xoş əhval-ruhiyyə hökm sürürdü. Birinci hissəni yaxşı keçirmədik, oyunumuz alınmadı. Bu, ilk dəfə 5 müdafiəçi ilə meydana çıxmağımızla əlaqədar ola bilərdi. Bu amil bizə bir az çətinlik yaratdı. Çünki belə sistemlə ilk dəfə çıxış edirdik. Nəticədə “Neftçi” bizi hərtərəfli üstələdi. Fasilədən dərhal sonra ikinci qolu buraxsaq da, özümüzə gəldik, hətta bir top da vurduq. Ondan sonra rəqibi qapısına sıxdıq, qol vəziyyətləri də yaratdıq. Təəssüf ki, yararlana bilmədik. Həmin imkanlardan istifadə edə bilsəydik, bəlkə qələbə də qazanardıq. Rəqib isə bizi əks-hücumda yaxaladı və penalti qazandı. Hesab 3:1 olduqdan sonra isə nəyisə dəyişmək çətin oldu. Halbuki ən azı 1 xal ala bilərdik.

- Hesab 2:1 olarkən bir vəziyyətdə yaxın məsafədən topu dirəyə vurdun. Həmin epizodu oyunun qırılma nöqtəsi saymaq olar?

- Sanki ikinci hissədə buraxdığımız ikinci topdan sonra ayıldıq. Dərhal cavab verməyimiz bizə ruh yüksəkliyi yaratdı. Ondan sonra “Neftçi” də özünü itirmişdi. Bəli, real imkanım oldu, zərbəm dirəkdən döndü. Məndən əvvəl isə Ədilxan Qarəhmədov iki metrlik məsafədən qapıya düşə bilmədi. Həmin anda bərabərlik topunu vura bilsəydik, nəticə tam başqa cür olardı.

- Premyer Liqada keçirdiyiniz son 4 oyunun hamısında məğlub olmusunuz. Nə baş verir?

- Düzdü, heyət yeni yığılanda hamı “Səbail”dən çox şey gözləyirdi, bizim komandadan danışırdı. Bu nəticələrə səbəb gətirmək çətindir. Komandanın 80-90 faizi dəyişilib, əcnəbilərimizin, demək olar ki, hamısı yenidir. Ola bilsin ki, bəziləri çempionata, Azərbaycana hələ uyğunlaşmayıblar. Problemimiz stabil oynaya bilməməyimizdir. Bunu da əcnəbilərimizin uyğunlaşmaması ilə əlaqələndirərdim. Halbuki onlardan çox şey gözləyirdik. Yəqin bu səbəbdəndir ki, azarkeşlərin gözlədiyini verə bilmirlər. Aparıcı oyunçularımızın zədə səbəbindən çox matçı buraxdığını da vurğulamaq lazımdır. Ümumilikdə yaxşı komandamız olduğunu düşünürəm. İstənilən rəqibə qarşı oynaya biləcək potensiala malikik.

- Dedin ki, yeni əcnəbilər hələ uyğunlaşmayıblar. Onlar uyğunlaşana qədər mövsüm başa çatacaq. Bu mənada azarkeşlərə haqq qazandırmaq olmaz?

- Əlbəttə ki, azarkeşlər haqlıdırlar. Qışın soyuğunda, yayın istisində oyunlarımıza gəlirlər, həmişə yanımızda olurlar. Onlar da yaxşı nəticə gözləyirlər, sevinmək istəyirlər. Digər tərəfdən də vaxt gedir, çempionatın artıq yarısı geridə qalır. Vəziyyətdən çıxış yolu tapmalıyıq. Belə davam etməyimiz nə azarkeşlərimizə, nə də özümüzə xoşdur. Halbuki turnir cədvəlində daha yüksək yerlərdə ola bilərdik. Son 3 turda maksimum xal qazanmalıyıq ki, heç olmasa turnir cədvəlində bir qədər irəliləyək. Ancaq belə pis oynasaq, mövsüm bitəcək, heç nəyə də nail ola bilməyəcəyik.

- Özün mövsümün startında stabil meydanda olmasan da, fasilədən sonrakı hər iki qarşılaşmada 90 dəqiqə oynadın. Çıxışından razı qaldın?

- Oyunumda heç bir dəyişiklik olmayıb. Nə zədəm var idi, nə də başqa problemim. Sırf baş məşqçinin qərarı belə idi, oynamırdım. Nə vaxt meydanda oluramsa, komandama canla-başla kömək eləməyə çalışıram. Nə qədər müntəzəm meydanda olsam, bir o qədər uğurlu oyun göstərərəm. Bir oyunda çıxış edib, üç matçda kənarda qalmaq çox çətindir.

- Əksəriyyət karyeranı bitirməyin vaxtı gəldiyini bildirir. Bu fikirlər səni narahat etmir?

- Xeyr, heç bir narahatlığı yoxdur. Ola bilsin ki, kimsə bu fikirdədir. Məncə, hələ gücüm var, oynaya bilərəm. Çatdırmadığımı, gücümün bitdiyini görsəm, deyərəm ki, getməyin vaxtıdır. Tez-tez oynamaq futbolçuya rahat olur. Hər şey öz əlimdədir. Özümü yaxşı tərəfdən göstərsəm, müntəzəm çıxış edəcəyəm. Buna gücüm də çatar.

- Son il öncəsi son üç oyununuz “Qəbələ”, “Sumqayıt” və “Qarabağ”a qarşı olacaq. Uğursuzluq seriyasına son qoymaq baxımından hansı matça daqələ bə qazanmaq daha realdır?

- Bütün fikrimizi bu gün “Qəbələ” ilə keçirəcəyimiz oyuna yönəltmişik. “Qəbələ” də bu mövsüm yaxşı çıxış edir. Səfərdə oynayacağımızı nəzərə alsaq, bizi ağır mübarizə gözləyir. Qəbələdə oynamaq nə qədər çətin olsa da, bizə uğurlu nəticə qazanmaq lazımdır. Matça yaxşı hazırlaşmışıq.

- Konfrans Liqasına vəsiqə üçün yeganə şansınız Azərbaycan kubokunu qazanmaqdır. 1/4 finalda “Sabah” səddini keçmək çətin olmayacaq?

- Avrokuboklarda çıxış etmək hər bir futbolçunun arzusudur. Ora getməyin ən rahat yolu da kubokdur. Bu mərhələdə “Sabah”la qarşılaşırıq. Qalib yarımfinalda “Qəbələ” – “Qarabağ” cütünün qalibi ilə üz-üzə gələcək. Rəqiblər nə qədər güclü olsa da, ölkə kuboku çempionatdan həmişə fərqlənib. “Qəbələ” – “Qarabağ” cütü barədə düşünmək üçün əvvələ “Sabah”ı keçmək lazımdır. Bu komanda da cari mövsüm çox yaxşı çıxış edir. Ancaq kubok matçlarında sürpriz çox olur. Buna görə də, ölkə kubokunda uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik.

- Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinə yekun vuruldu. Nəticələr gözlənilən formada oldu?

- Bütün oyunlara baxa bilməsəm də, imkan düşdükcə izləyirəm. Çox maraqlı mübarizə izləyirik. Bəzi sensasiyalar da var. Səudiyyə Ərəbistanın Argentina üzərində qələbəsini qeyd edə bilərəm. Həmçinin Yaponiyanın Almaniyanı qabaqlaması və mərhələ adlamasını vurğulamalıyam.

- Favoritin hansı yığmadı?

- Oyunlara baxdığın zaman hansı komandanın rəqibini üstələyəcəyini deyə bilmirsən. Bütün millilər sözün əsl mənasında futbol oynayır. 1/8 finaldan sonra aşkar favorit yoxdur. Zəif sayılan millilər də güclülərə qarşı layiqli müqavimət göstərir. Yalnız Braziliya və Fransanın oyununu fəqləndirərdim. Hər ikisinin çox güclü heyəti var.  Braziliya yığmasına azarkeşlik edirəm. Məncə, onlar bu il çempion olacaqlar. Ümumilikdə Brazliya, İspaniya və Fransa çox yaxşı oyun nümayiş etdirir. Ancaq ümumi götürdükdə aşkar favorit yoxdur. Sırf autsayder deyilənlər də güclü rəqiblərə başağrısı olurlar.

 

 

KAMAL RZA