21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-21) növbəti matçını keçirib. Sport24.az xəbər verir ki, yığmamız Avropa çempionatlarının seçmə mərhələlərində 119-cu matçına çıxıb.
Sumqayıtda Estoniyadan olan həmyaşıdlarıyla görüşən Milan Obradoviçin yetirmələri bu qarşılaşmada uğursuz seriyaya son qoya biliblər. Belə ki, U-21 yığmamız son 10 matçda qalıb gəlməmişdi. Bu müddətdə 1 heç-heçəsi olan, onu cari tsikldə həmin Sumqayıtda Finlandiya ilə 1:1 edən 21 yaşlılarımız 9 dəfə uduzmuşdu.
Bunadək tarixində 13 qələbəsi olmuş yığmamız nəhayət, bu nəhs rəqəmi arxada qoya bilib. 14-cü qələbəni aktivinə yazan 21 yaşlılarımızın 20 heç-heçəsi və 85 məğlubiyyəti də var. 70 qola imza atan U-21 275-ni buraxıb. Texniki nəticələr top fərqində nəzərə alınmayıb.
Onu da bildirək ki, U-21 yığmamız son qələbəni də məhz Obradoviçlə "Kapital Bank Arena"da qazanmışdı. Bu, 2019-cu ilin noyabrın 14-də Lixtenşteyn üzərində Barış Ekincierin 65-ci dəqiqədə vurduğu qolla 1:0 hesabıyla olmuşdu. Həmin görüşün iştirakçılarından müdafiəçi Elvin Cəfırquliyevlə yarımmüdafiəçi Şakir Seyidov bu dəfə də meydanda idilər. Özü də sonuncu zədə üzündən uzun fasilədən sonra U-21-ə dönüb.