Misli Premyer Liqasında IV tur da arxada qaldı. Ötən turda altı qarşılaşmada cəmi beş qol görmüşdüksə, bu dəfə mənzərə tamamilə dəyişdi. Komandalar daha açıq futbol oynadı, hücumlar daha məhsuldar oldu və turun altı oyununda ümumilikdə 26 qol qeydə alındı.
Yəni III turdakı qolsuzluq IV turda əvəzini artıqlaması ilə çıxardı.
Tur həm də bir sıra komandaların mövsümlə bağlı ilk ciddi mesajlarını verməsi baxımından əhəmiyyətli oldu. "Qəbələ" nəhayət ilk qələbəsini qazandı, "Şamaxı" Gəncədə diqqətçəkən nəticəyə imza atdı, "Neftçi" yenidən böyük hesabla qalib gəldi, "Sabah" isə "Zirə"ni darmadağın etdi. "Turan Tovuz" üçün vacib qələbə, "Qarabağ" üçün isə üç xalla yanaşı, üzərində işlənməli məqamlar qaldı.
"Qəbələ" – "İmişli" – 2:1
"Qəbələ" üçün bu oyun adi üç xal məsələsindən daha böyük əhəmiyyət daşıyırdı. İlk üç turda qələbə qazana bilməyən "qırmızı-qaralar" baş məşqçi Kaxaber Tsxadadze ilə yolları ayırdıqdan sonra ilk dəfə meydandan qalib ayrıldılar. Mövsümə uğursuz başlayan komanda üçün bu nəticə psixoloji baxımdan da çox vacib idi.
"İmişli" isə Qəbələyə sadəcə müdafiə olunmağa gəlməmişdi. Qonaqlar oyun planı baxımından rəqibindən ciddi şəkildə geri qalmır, zaman-zaman təhlükəli hücumlar da qururdular. Amma futbolun ən vacib məsələlərindən biri – yaradılan imkanları qola çevirmək – bu görüşdə nəticəyə təsir etdi.
"Kəpəz" – "Şamaxı" – 1:4
Gəncədə isə yerli azarkeşlər tamamilə başqa nəticə gözləyirdilər. "Kəpəz" yeni stadionunda ilk oyununda "Turan Tovuz"u məğlub etmiş, bu qələbə şəhərdə komandaya olan inamı daha da artırmışdı. Yeni arenadakı ikinci matçın da pozitiv notlarla keçəcəyi düşünülürdü. Amma "Şamaxı" tamamilə fərqli ssenari yazdı.
Azər Bağırovun komandası daha baxımlı, daha məhsuldar futbol oynadı və Gəncədən 4:1 hesablı qələbə ilə qayıtdı. Bu nəticə "Şamaxı"nın mövsüm ərzində diqqət yetirilməli komandalardan biri ola biləcəyini göstərdi. Xüsusilə autsayderlərlə qarşılaşmalarda maksimum nəticə əldə edə bilsələr, daha yuxarı pillələr üçün mübarizə aparmaları mümkündür.
"Kəpəz" üçün isə bu, ciddi xəbərdarlıqdır. Bir qələbənin yaratdığı ab-hava ilə mövsüm keçirmək mümkün deyil. Komanda yeni stadionun verdiyi enerji ilə daha stabil futbol nümayiş etdirməlidir.
"Neftçi" – "Şəfa" – 4:1
"Zirə"yə minimal hesablı məğlubiyyətdən sonra "Neftçi" yenidən özünə gəldi. "Ağ-qaralar" "Şəfa" ilə görüşdə 4 qol vuraraq çempionluq iddiasının hələ də qüvvədə olduğunu göstərdi.
Komandanın qarşısına yüksək hədəflər qoyulub və "Neftçi"nin heyəti də buna uyğun formalaşdırılıb. Təbii ki, yeni futbolçuların hamısı hələ tam uyğunlaşmayıb. Bu, meydanda zaman-zaman hiss olunur. Amma bir mühüm fərq artıq gözə çarpır: "Neftçi" ötən mövsümlərlə müqayisədə özündən zəif görünən rəqiblərə qarşı daha dominant çıxış edir.
Belə oyunları rahat qazanmaq uzun çempionat marafonunda çox vacibdir. Çempionluğa oynayan komanda hər qarşılaşmanı son dəqiqələrə qədər dramatikləşdirməməlidir.
"Şəfa"nın isə əsas məqsədi tamamilə başqadır. Premyer Liqada ilk mövsümünü keçirən komanda üçün elitada qalmaq ən vacib hədəfdir. Bu baxımdan "Neftçi" kimi rəqiblərlə oyunlardan çox, birbaşa rəqiblərlə qarşılaşmalar onların taleyini müəyyənləşdirəcək.
"Sabah" – "Zirə" – 5:0
Turun ən böyük hesablı nəticəsi Masazırda qeydə alındı.
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyunu ərəfəsində "Zirə"ni 5:0 hesabı ilə məğlub etdi. Bəlkə də çoxları Valdas Dambrauskasın qarşıdakı Avropa matçını nəzərə alaraq əsas futbolçularını qoruyacağını düşünürdü. Amma litvalı mütəxəssis tamamilə fərqli qərar verdi. Aparıcı oyunçular meydanda idi və "Sabah" da bütün gücünü ortaya qoydu.
Nəticə isə hər şeyi deyir: 5:0.
Azərbaycan çempionu hələlik Premyer Liqada itkisiz irəliləyir və həm nəticələri, həm də futbolu ilə iddiasını göstərir. "Zirə" üçün isə bu, ilk məğlubiyyətlə yanaşı, kifayət qədər ağır xəbərdarlıq oldu.
"Qartallar"ın müdafiəsində ciddi boşluqlar görünürdü. Təbii ki, bir oyuna görə böyük nəticələr çıxarmaq olmaz. Amma 5 qol buraxmaq istənilən komandanın müdafiə planında problemlərin olduğunu göstərir. Bunun üzərində işlənməlidir.
Buna baxmayaraq, "Zirə"nin potensialını bir məğlubiyyətlə qiymətləndirmək düzgün deyil. Komandanın bu mövsüm də avrokuboklara vəsiqə uğrunda mübarizə aparacağını düşünmək üçün kifayət qədər əsas var.
"Turan Tovuz" – "Sumqayıt" – 2:1
Bu qarşılaşma "Turan Tovuz" üçün sadəcə növbəti çempionat oyunu deyildi. Baş məşqçi Kurban Berdıyev üçün nəticənin xüsusi əhəmiyyəti vardı. Komandanın mövsümə istənilən kimi başlamaması artıq müəyyən suallar yaratmışdı.
"Turan Tovuz" qələbə qazandı və bu, hər şeydən əvvəl psixoloji baxımdan vacib nəticədir. Amma oyunun özünə baxanda hələ də müəyyən suallar qalır. Qərb təmsilçisi qalib gəlsə də, nümayiş etdirilən futbol çempionluq iddiası olan komandanın potensialını tam şəkildə əks etdirmirdi. "Sumqayıt"ın hücumçuları daha dəqiq davransaydılar, qarşılaşmanın nəticəsi tamamilə fərqli də ola bilərdi.
Bununla yanaşı, "Sumqayıt"ın keçdiyi yol da nəzərə alınmalıdır. Komanda mövsümün ilk turlarında iddialı kollektivlərlə qarşılaşıb. Qarşıdakı oyunlar "gənclik şəhəri" təmsilçisinin əsl gücü barədə daha dəqiq fikir formalaşdıracaq.
"Qarabağ" – "Araz-Naxçıvan" – 3:2
Turun son qarşılaşmasında "Qarabağ" qalib gəldi və Premyer Liqada itkisiz seriyasını davam etdirdi. Qurban Qurbanov bu görüşdə yeni transferlərə də şans verdi. Bu, komandanın yenilənmə prosesinin davam etdiyini bir daha göstərir.
Hücumda vurulan üç qol müsbət göstəricidir. Amma buraxılan iki qol da diqqətdən kənarda qalmamalıdır.
"Qarabağ"ın müdafiəsində, xüsusilə standart vəziyyətlər zamanı müəyyən boşluqlar hiss olunur. Bu problem daxili çempionatda bəzən nəticəyə ciddi təsir etməyə bilər. Amma daha güclü rəqiblərlə oyunlarda belə səhvlərin qiyməti ağır olur.
Qurban Qurbanovun qarşıdakı turlarda məhz bu məqama xüsusi diqqət ayıracağı şübhəsizdir. Çünki "Qarabağ"ın hücum potensialı hər zaman yüksək olub, amma böyük nəticələr əldə etməsinin əsas səbəblərindən biri də müdafiədəki intizamı idi.
"Araz-Naxçıvan" üçün isə vəziyyət hələlik ürəkaçan deyil. Komanda ilk turdakı heç-heçədən sonra qələbə qazana bilməyib. Mövcud oyun və nəticələr davam edərsə, Naxçıvan təmsilçisini çətin mövsüm gözləyə bilər.
Beş qoldan 26 qola…
III turda altı qarşılaşmada cəmi beş qol vurulmuşdu. IV tur isə tamamilə başqa mənzərə yaratdı: 26 qol!
Bu fərq Premyer Liqanın nə qədər dəyişkən olduğunu göstərir. Bir həftə əvvəl hücumların məhsuldarlığından danışırdıq, indi isə az qala hər oyunda qolların yağdığı turun şahidi olduq.