Misli Premyer Liqasının 2025/26 mövsümünün arxada qalan ilk hissəsində klublar 35 qapıçı sifariş edib. Sport24.az PFL-ə istinadən xəbər verir ki, onlardan 23-ü yerli, 12-si legioner statusuna maikdir.
Bu qolkiperlərdən 13-ü meydana çıxmayıb. Baş tutan 16 turda 12 komanda 22 qapıçıya güvənib. Əlcək sahiblərindən 17-si quru oyun keçirməyə nail olub.
Ən çox matçda qapısını toxunulmaz saxlayan "beşlik":
1. Oleq Baklov ("Turan Tovuz") – 8 quru (15 oyun)
2. Stas Pokatilov ("Sabah") – 8 (16)
3. Andrey Sinenka ("İmişli") – 7 (16)
4-5. Kenan Piriç ("Neftçi") – 6 (16)
Rikardo Fernandes ("Şamaxı") – 6 (16)
Mövsümün ilk hissəsinin ən uzun quru oyunlar seriyası 5 matçdan ibarətdir. Andrey Sinenka ilk 5 turda qapısını toxunulmaz saxlayıb. Baxmayaraq ki, onun əvəzlənməsindən sonra komandası qol buraxıb. O, yalnız VI turda Premyer Liqada keçirdiyi 529-cu dəqiqədə topu qapısında görüb. Bu, mövsümün rekordudur.
Şahrudin Məhəmmədəliyevin quru seriyası isə davam edir. II tura təsadüf edən ilk matçda qol buraxan qolkiper sonrakı 5 matçda qapısını toxunulmaz saxlayıb. Onun seriyası 468 dəqiqəyə bərabərdir.