Premyer Liqanın I turunun "İmişli" – "Turan Tovuz" oyununda anlaşılmazlıq yaşanıb.

 

Sport24.az xəbər verir ki, protokolda adı Tuncay Cəfərli kimi qeyd edilən 3 nömrəli müdafiəçi meydana Yusifli soyadlı forma ilə çıxıb. Peşəkar Futbol Liqasının rəsmi saytında və oyun protokolunda isə bu soyadlı oyunçu olmayıb.

 

Məsələ burasındadır ki, Tuncay daha əvvəl aşağı yaş qruplarında oynayan zaman AFFA-da Cəfərli soyadı ilə qeydiyyatdan keçib. Lakin bu ilin martında şəxsiyyət vəsiqəsini dəyişən müdafiəçinin soyadı Yisifli olaraq dəyişdirilib.

 

Oyun protokolunda köhnə sistemdən istifadə edilib və bu səbəbdən Tuncay Cəfərli soyadı ilə qeyd edilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev açıqlamasında növbəti oyundan oyunçunun soyadında dəyişiklik ediləcəyini bildirdi.

 

İlk hissəsi davam edən oyunda hesab açılmayıb.