İkinci Liqada mübarizə aparan "Şəki" XXVII turu çərçivəsində keçirilən "Ağstafa Gəncləri" ilə matça 9 futbolçu ilə çıxıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın bir neçə futbolçusu mövsümün sonuncu turunda meydana çıxmaqdan imtina ediblər.
Mənbənin sözlərinə görə, futbolçular ikinci dövrədə keçirdikləri oyunların və maya qədər olan bütün ayların əmək haqlarını alıblar. Hazırda isə may ayı çərçivəsində cəmi iki oyun keçiriblər və hər hansı rəsmi əmək haqqı gecikməsi mövcud deyil.
Buna baxmayaraq, bəzi oyunçular tərəfindən "son oyundur, ödəniş edilməyə bilər, əvvəlcədən ödəniş edilsin" kimi əsassız iddialar irəli sürülərək komandanın son oyununa çıxmaqdan imtina edib.
Klub daxilində aparılmış araşdırma zamanı müəyyən edilib ki, "Şəki"nin kapitanı Rəsul İbrahimov futbolçularla əlaqə saxlayaraq onların da oyunda iştirak etməməsi üçün çağırış edib bir neçə futbolçunun matça gəlməsinə əngəl olub.
Qeyd edək ki, "Şəki" rəhbərliyi baş verənləri peşəkar futbol prinsiplərinə və klubdaxili intizam qaydalarına zidd davranış kimi qiymətləndirir və buna uyğun hüquqi addımlar atılacağı baradə öncədən oyunçulara xəbardarlıq edib.