Ceyhun Əliyev
Santuş qovuldu. Təyinat günündən əksər media mənsubları portuqaliyalı babanın fiaskoya uğrayacağını yazır, deyir, hayqırırdı. Nəhayət, bu gün, ağsaqqalın çemodanları qoltuğuna vuruldu.
İndi yeni təyinat ətrafında AFFA başbilənləri baş sındırmalıdı. Hə, sabahlıq Ayxan Abbasov "tankın altı"na girməyə hazır olduğunu bildirdi. Bəs növbəti oyunlara necə? Bu suala assosiasiya, daha dəqiq desək İcraiyyə Komitəsi cavab tapmalıdı.
Aydın məsələdi ki (ən azı media mənsubları üçün), milli azərbaycanlı mütəxəssisə tapşırılmalıdı. Baş məşqçiyə təklif ediləcək məvacib də milyonları əhatə etməməlidi. Ümumiyyətlə, sxem fərqli olmalıdı. Turnir cədvəlindəki yerə görə xüsusi, kifayət qədər babat mükafat vəd edilməlidi. Doğrudu, DÇ-nin seçmə mərhələsində millimizin son pilləni tərk edəcəyi real deyil. Ancaq çalışdırıcıya Millətlər Liqası üçün şans qazanmasına dair şərtlər irəli sürülməlidi. Məsələn, ən azı İslandiyadan evdə xal almaq, digər rəqiblərlə görüşlərdə isə biabırçı hesabla məğlub olmamaq şərti.
Bəs bu yükün altına girməyə kimlər layiqdi və həmin mütəxəssislərin şansları nə dərəcədə realdı?
Başlayaq əvəzolunmaz Qurban Qurbanovdan. Aydın məsələdir ki, Qurbanov milliyə ən layiqli mütəxəssisdi. Ancaq nə qədər acı səslənsə də, bu futbolçular Qurbanovun rəhbərliyi altında oynamağa layiq deyil! İki-üç məğlubiyyətdən sonra furbol ictimaiyyəti tərəfindən "Qarabağ"la tarix yazan mütəxəssisin də ünvanına "bacarıqsızdı" damğası vurulacaq. Bax, məhz buna görə də Qurban müəllimin millini əlinə almasının əleyhinəyik.
Digər mütəxəssislərə gəlincə, zənnimcə, 3 nəfərin adı daha ağlr görünür: Ayxan Abbasov, Rəşad Sadıqov və Tərlan Əhmədov.
Başlayaq sabah millini baş məşqçi kimi Ukraynaya qarşı oyuna çıxaracaq Abbasovdan. Nəzərə alsaq ki, Ayxan bəy hazırda gənclər yığmamızın "sükanı arxası"ndadı, onun əsas millidə qalması variantı yalnız Ukraynadan xal alacağı təqdirdə mümkün olduğunu söyləyə bilərik.
Tərlan Əhmədova gəlincə, dəfələrlə məşqçilik bacarığını sübut etmiş mütəxəssisin uzun müddətdir işsiz qalması AFFA-nın ona güvənmə ehtimalını xeyli azaldır.
Nəhayət, Rəşad Sadıqov barədə. Fikrimcə, məhz "Zirə"nin çalışdırıcısı vakant posta ən real namizəddi. Müxtləlif vaxtlarda Sadıqov "millini çalışdırmağa hazıram" ifadəsini dilə gətirib. Hətta millinin mövcud durumunda belə Sadıqovun bu yükün altına girməyə hazır olduğunu düşünürük. Məşqçilik karyarasının ilk illərində bir o qədər də uğurlu qrafik cızmayan "Böyük Kapitan", son iki mövsümdə adından söz etdirməyi bacarıb. Elə milliyə cəlb edilən futbolçuların əksəriyyəti də məhz Rəşad bəyin rəhbərliyi altında oynamaq istəyər. Bəlkə də kimsə "məşqçilik təcrübəsi azdı" deyə bilər. Ancaq Santuşun "təcrübəsi"ni hər kəs gördü…
AFFA-nın yeni rəhbərliyinin baş məşqçi seçimimdə necə səhvə yol verdiyini hər kəs gördü. "Hər kəs" deyərkən, ilk növbədə bu siyahıya AFFA İcraiyyə Komitəsinin üzvlərinin daxil olduğuna ümid edirəm. Belə olsa, nə xoş bizə…