20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ruy Jorje nüfuzlu "A Bola" nəşrinin "90+3" videokastının qonağı olub. Sport24.az xəbər verir ki, 53 yaşlı mütəxəssis çalışdırdığı komandaların intizamından danışıb.

 

Ruy Jorje Portuqaliyanın U-21 millisində uzun müddət işlədiyini xatırladaraq, həmin dövrdə futbolçuların cəmi iki qırmızı vərəqə aldığını bildirib:

 

"Bu komandada 14 il çalışdım və həmin müddətdə futbolçular cəmi iki qırmızı vərəqə aldılar. İndi elə bir hakimlə qarşılaşdım ki, o, Azərbaycan millisinin bu qədər nizam-intizamlı və davranış qaydalarına riayət edən komanda olduğunu əvvəllər görmədiyini dedi. Mənim üçün bu, böyük qələbədir".

 

Qeyd edək ki, Ruy Jorje bu ilin martında Azərbaycanın U-20 millisinin baş məşqçisi təyin edilib. 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatı Azərbaycan və Özbəkistanda təşkil olunacaq.