"Avstraliya dünya çempionatları təcrübəsi olan, müdafiəyə üstünlük verən və fiziki cəhətdən güclü komandadır". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt" Futbol Akademiyasının direktoru Hakan Sünal deyib.

Klub funsksioneri dünya çempionatının oyunları çərçivəsində keçiriləcək Türkiyə - Avstraliya oyunu ilə bağlı gözləntilərini bölüşüb:

"Türkiyə bu oyunda qapanan rəqibə qarşı səbirli oynamalı, yaratdığı qol epizodlarından maksimum istifadə etməlidir. Mən Türkiyənin 1:0 hesablı qələbə qazanacağına inanıram. Bununla belə, qarşılaşmanın 1:1 hesabı ilə başa çatması da mənim üçün sürpriz olmaz".

 

Türk mütəxəssis bu gecə baş tutacaq Braziliya - Mərakeş və Haiti - Şotlandiya ilə görüşləri ilə də bağlı proqnoz verib:

 

"Braziliya qrupun favoritidir. Keçən dünya çempionatında sürpriz nəticələrə imza atan Mərakeşə qarşı da Braziliyanı üstün hesab edirəm. Mərakeşin bu dünya çempionatında yenidən böyük sürprizlər edəcəyinə inanmıram, amma Braziliyanı çətin vəziyyətə sala bilər. Məncə, bolqollu bir oyun olacaq və Braziliya qələbə qazanacaq.  Haitinin ötən il Sumqayıtda Azərbaycan millisi ilə oyunu izlədim. Komandanın potensiallı futbolçuları var, amma təcrübə baxımından zəifdirlər. Şotlandiya isə bu oyunda aşkar favoritidir və qələbə qazanacaq tərəf olacaq".

Qeyd edək ki, D qrupunda yer alan Türkiyə millisi I turda Avstraliya seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 14-də Bakı vaxtı ilə səhər saat 08:00-da start götürəcək. İyunun 13-dən 14-nə keçən gecə, saat 02:00-da C qrupunda Braziliya Mərakeşlə, saat 05:00-da isə Haiti Şotlandiya ilə qarşılaşacaq.