"İlk təklif məhz bu Qusar təmsilçisindən gəldi. Klubun prezidenti Samir müəllimlə görüşərək komandanın hədəfləri və gələcək planları barədə ətraflı müzakirələr apardıq". Bu sözləri Sport24.az-a açıqlamasında Birinci Liqada mübarizə aparan "Şahdağ Qusar"ın yeni baş məşqçisi Füzuli Məmmədov deyib.
Təcrübəli mütəxəssis yeni komandasında qarşıya qoyulan məqsəddən söz açıb:
"Samir müəllimlə futbola baxışımız üst-üstə düşür. Buna görə də Qusar təmsilçisinin təklifini dəyərləndirdim. Klubun prezidenti Samir Xeyirbəyovla xarakter baxımından oxşar xüsusiyyətlərə malik olmağımız "Şahdağ Qusar"a olan marağımı və inamımı daha da artırdı. Qarşımızda duran əsas hədəf Premyer Liqaya yüksəlməkdir. Məqsədə çatmaq üçün bütün gücümüzlə çalışacağıq. Heyətlə bağlı isə konkret fikir bildirmək istəmirəm. Hazırda hər bir futbolçu haqqında ətraflı məlumat toplamağa çalışıram. Yalnız bundan sonra heyətlə bağlı yekun qərarlar veriləcək".
Qeyd edək ki, Məmmədov ötən mövsüm "Karvan-Yevlax"ı çalışdırıb.