UEFA Çempionlar Liqasının V turunun "Sabah" – "Barselona" oyunundan (1:4) sonra qonaq komandanın baş məşqçisi Hansi Flik jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:
– Topa daha çox sahib olan tərəf biz idik. Buraxdığımız qol məyus etdi. Həmin epizodda ciddi səhvimiz oldu. Buna baxmayaraq, vacib üç xal qazandıq. İkinci hissədə intensiv mübarizə getdi.
– Heyətdə müəyyən dəyişikliklər etdiniz. Performansınızla bağlı nə deyə bilərsiniz?
– Komandamız yaxşı çıxış etdi. İkinci hissədə digər oyunçulara şans vermək istədik.
– Baldenin durumu necədir?
– Ümid edirik ki, yaxşı olacaq. Bu gün pis çıxış etmədi.
– Qabriel Jesusa daha çox vaxt verməyi düşünürsünüz?
– Həmin mövqedə Rafinya var. Qabrielin də daha çox oyun vaxtı almasını istərdik. Məşqlərdə özünü yaxşı tərəfdən göstərə bilir. Hər zaman pozitiv və intizamlıdır. Bura gələndə də onunla danışmışdım. Az oynamağına baxmayaraq, beş qol vurub və bu, gözəl göstəricidir.
– Çempionlar Liqası tarixinin ən uzun səfərlərindən birini gerçəkləşdirdiniz. Bakıya gəlişinizlə bağlı təəssüratlarınız necədir?
– Sözün düzü, çox gəzmək imkanımız olmadı. İnsanlar qonaqpərvərdir. Milli komanda ilə də Bakıya gəlmişdim. Burada hər şey əladır. Azərbaycanda ciddi inkişaf var. Hər sahədə köklü dəyişikliklərin şahidi oldum. "Sabah"ın baş məşqçisinin yaxşı fəlsəfəsi var. Bu gün onlar qəhrəman kimi mübarizə apardılar. Bizə çətinlik yarada bildilər. "Sabah"a uğurlar arzu edirəm. Buradakı insanlara minnətdaram. İnkişaf vacib məsələdir.