"Sabah" klubu hazırda DÇ-2026-da Kurasao millisinin heyətində çıxış edən Jarl Marqarita ilə bağlı daha əvvəl FİFA-ya müraciət edib. Sport24.az xəbər verir ki, Bakı təmsilçisi futbolçunun müqavilə öhdəliklərini pozduğunu əsas gətirərək ondan 810 min avro təzminat tələb edib.

FİFA-nın açıqladığı qərarda göstərilir ki, tərəflər arasında münasibətlər 2024-cü ilin yaz aylarından etibarən gərginləşib. Klub Marqaritanı bir sıra intizam pozuntularında, məşqlərdə iştirak etməməkdə, məşqçilər korpusunun göstərişlərinə əməl etməməkdə və komanda daxilində problemlər yaratmaqda ittiham edib.

Sənədlərə əsasən, futbolçu müxtəlif tarixlərdə həm əsas, həm də ikinci komandanın məşqlərini və oyunlarını buraxıb. Klub buna görə ona bir neçə dəfə maliyyə sanksiyası tətbiq edib. Sonradan Marqarita Sloveniyadakı təlim-məşq toplanışı və tibbi müayinə ilə bağlı da "Sabah"ın göstərişlərini yerinə yetirməyib.

FİFA qərarında da futbolçunun yoxluqlarının təkrarlanan xarakter daşıdığı, eləcə də onun klubdan ayrılmaq istədiyini nümayiş etdirən yazışmaların mövcud olduğu vurğulanıb.

"Sabah" hesab edib ki, futbolçu müqaviləni əsassız şəkildə pozub. Klub həmçinin ABŞ təmsilçisi "Phoenix Rising"in məsuliyyətə cəlb olunmasını və futbolçuya idman sanksiyasının tətbiq edilməsini istəyib.

Bununla belə, FİFA-nın Mübahisələrin Həlli Palatası araşdırma zamanı "Sabah"ın tətbiq etdiyi bəzi intizam tədbirləri və ikinci komandaya göndərilmə proseduru ilə bağlı kifayət qədər sübut təqdim olunmadığı qənaətinə gəlib. Qurum eyni zamanda futbolçunun da davranışlarının tərəflər arasındakı münasibətlərin pozulmasına təsir etdiyini qeyd edib.

Nəticədə FİFA tərəflər arasında qarşılıqlı etimadın itirildiyi və əmək münasibətlərinin faktiki olaraq hər iki tərəfin davranışları nəticəsində sona çatdığını hesab edərək "Sabah"ın iddiasını rədd edib.

 

Qeyd edək ki, Jarl Marqarita 2023/2024 mövsümündə "Sabah"ın formasını geyinib. O, hazırda dünya çempionatında iştirak edən Kurasao millisinin düşərgəsindədir.