Premyer Liqamızda son dövrə start götürdü. XXII turu dəyərləndirmək üçün "Mütəxəssis rəyi" rubrikamızın qonağı milli komandamızın məşqçisi Arif Əsədov oldu. 

- Çempionluq mübarizəsi aparanlar fasiləyə şərikli liderlər kimi yollanmışdılarsa, indi "Neftçi" "Qarabağ"dan artıq 3 xal geridədi. Bu gedişatı gözləyirdiniz?

- Fasilədən sonra "Neftçi"nin 2 oyunda da xal itirəcəyini təbii ki, gözləmirdim. Komanda "Sumqayıt" və "Qəbələ"ylə matçlarda vacib 5 xal itirdi. Adətən "Qarabağ"da da uzun fasilədən sonra görürsən ki, büdrəmələr olur. Bu mənada ilk oyunda xal itirəcəyi gözlənilirdi və "Keşlə"ylə görüşdə bu, qeydə alındı. Ancaq sonrakı turda qələbə qazanacağını gözləyirdim.

- "Neftçi"ylə bağlı onu nəzərə alaq ki, "Sumqayıt" ümumiyyətlə, son mövsümlərdə onun üçün arzuolunmaz rəqibdi, Qəbələ səfəri isə hər bir komanda üçün çətin olur. Belə demək olarmı ki, millinin oyunlarına görə üçhəftəlik pauza "Neftçi"nin ziyanına işlədi və onu ritmdən saldı?

- Bu məsələnin iki tərəfi var. Bəziləri fasilə istəyir ki, bir az da komandanı yaxşılaşdırsın. Məsələn, "Neftçi"yə Keysuke Honda gəldiyinə, zədəlilərin qayıtmasına görə bu fasilə yerinə düşə bilərdi ki, komanda oyun üslubunu bir az da yaxşılaşdırsın. Ancaq fasiləni arzulamayanlar da olur. Görünür, "Neftçi"yə pauzanın xeyri olmadı, əksinə, ziyanına işlədi. 

- Aydın məsələdi ki, sona hələ 6 tur var. Ancaq nəzərə alaq ki, qarşındakı təcrübəli "Qarabağ"dı. Bu mənada 3 xallıq fərqi "Neftçi"ni çoxmu geri saldı? Komandanı ilk növbədə psixoloji baxımdan toparlamaq çətin olmayacaq?

- 3 xal elə də böyük fərq olmasa da, kifayət qədərdi ki, "Qarabağ" bu şansı artıq əldən verməsin. Məncə, verməyəcək də, çünki növbəti matçda da "Neftçi"ni çətin sınaq gözləyir. Bu, "Zirə"di ki, arzuolunmaz rəqibdi. "Neftçi" "Sumqayıt" kimi, bu komandayla görüşlərdə də problemlər yaşayır. 

- Bunu Kubokda da gördük, mübarizəni dayandırdı, hələ qol da vura bilməyib...

- Bu mənada "Zirə"ylə qarşıdakı matçda da xal itirə bilər "Neftçi". "Qarabağ" da "Səbail"lə oynayır. Düzdür, rəqibini aşağılamaq istəmirəm, ancaq təbii ki, favorit "Qarabağ"dı. "Neftçi" bu turda xal itirməsə, intriqa davam edəcək. Amma növbəti büdrəmə olsa, 5-6 xallıq fərq artıq böyük bir üstünlükdü çempionluq üçün.  

- Üstəlik, "Neftçi" "Zirə"dən sonra səfərə çıxaraq ardıcıl 4 matçı rəqib meydanında keçirəcək ki, bu da əlavə təzyiq yaradır...

- Bu rəqiblər "Sabah", "Səbail", "Keşlə" və "Sumqayıt"dı. Xüsusilə "Sabah"la "Keşlə"də baş məşqçi dəyişikliyindən sonra oyun üslubunda irəliləyiş var. Bu mənada "Neftçi"yə heç də asan olmayacaq. Çempionluğa oynayanların hər ikisini çətin matçlar gözləyir. Amma hazırkı 3 xal hardasa "Qarabağ"a kömək ola bilər çempionluq marafonunda irəlidə olmaq, sonda məqsədinə çatmaq üçün. 

- Neçə illərdi arzulayırıq ki, "Neftçi"ylə "Qarabağ"ın son turdakı görüşü çempionluq oyunu olsun, ancaq belə gedişlə bu mövsüm də bu, arzu olaraq qalacaq...

- Hər şeyi yüzdəyüz demək olmur. Çox istərdik çempionluq mübarizəsi son tura qalsın, ancaq gedişat buna doğru gedir ki, yenə hər şey o vaxtadək rəsmiləşsin "Qarabağ"ın xeyrinə. İstənilən halda, gedişatda hər şey ola bilər.

-  Yaponiyalı ulduz futbolçu Keysuke Hondanı artıq iş başında gördük 2 oyunda. Özü də Qəbələdə 90 dəqiqə meydanda oldu və yaxşı təsir bağışladı.Sizcə, Honda "Neftçi"nin oyuna bir rəng qatıbmı, yoxsa...?

- Təbii ki, ustalıq səviyyəsi, təcrübəsi görünürdü ötürmələrində, oyunda özünü necə rahat aparmağında. Hətta görünürdü ki, bəzi futbolçulara bir təcrübəli oyunçu kimi məsləhətlər, istiqamətlər verir. Təbii ki, rəng qatıb. Ancaq ki, "Neftçi"nin oyununu 80-90 faiz dəyişib - yox. Bəlkə də ola bilər bir az təzyiq altına düşüb komanda.

- Hansı planda?

- Futbolçular hardasa daha çox Hondaya oynaya bilərlər. Hiss olunurdu ki, daha çox ona ötürmələr verirlər. Hardasa Sabir Buqrin ikinci plana keçmişdi, belə bir şeylər də görünürdü. Adətən Buqrin daha çox oyunu həll edir. Mamadu Kanenin Qəbələdə olmamağı böyük təsir göstərdi, üstəlik, Namiq Ələsgərov da cəzalı idi.  

- Buqrin son iki matçda elə də yaxşı təsir bağışlamır. Bunu onunla əlaqələndirirsiniz ki, Hondanın gəlişindən sonra kölgə altına düşdüyündən bir qədər psixoloji planda sıxıntı yaranıb onda?

- Ola bilər. Futbol təcrübəmizdə belə şeylər olub, o baxımdan söyləyirəm. Ancaq demirəm ki, yüz faiz belədi. Ancaq ola bilər bunadək oyun daha çox Buqrinin üzərində qurulduğundan, indi bir az bölünüb bu şey və nəticədə Sabir kölgəyə düşüb. 

- Gəlin, çempionluğa oynamayanlara da bir az toxunaq. Başlayaq "Sumqayıt"dan ki, bu ay Kubokda da çıxış edəcək və sıx qrafikdə olacaq. Bu arada isə iki vacib matçı olacaq - ən yaxın izləyicisi "Qəbələ"ylə, sonra isə özündən irəlidə olan "Zirə"ylə. Ehtiyat oyunçular skamyası qısa olan "Sumqayıt" bu həlledici matçlarda duruş gətirə biləcəkmi?

- İndi bu komandanın bir sıra futbolçuları zədədən, xəstəlikdən sağalandan sonra gücü hiss olunurdu. Bunu "Neftçi"yə qarşı gördük qələbəylə, "Qarabağ"a hətta böyük hesabla uduzsa da, hardasa müəyyən anlarda "Sumqayıt"ın gücünə şahid olduq. Ancaq getdikcə cəza, yaxud zədələlərlə bağlı itkilər olanda bu, komandanın oyununa təsiri ola bilər. Çünki ehtiyat qüvvəsi daha çox gənclərdi. Onlar isə açılmaq baxımından çempionatın əvvəlində daha çox xeyir verə bilər, sonda isə gərginlik, turnir cədvəli baxımından intriqa olanda daha çox təcrübəli futbolçulara ehtiyac yaranır. Bu olmalıdı ki, komanda psixoloji cəhətdən "axsamasın". 

- "Qəbələ" üçün son şansdı avrokuboklara baxımımdan "Sumqayıt"la qarşıdakı görüş. Çünki Kubokda mübarizədə qalmayıb, son ümid 4-cü yeri tutmaqdı...

- Razıyam ki, xal fərqi baxımından həlledici matç ola bilər. "Qəbələ" qazansa, 4-cü pilləyə yaxınlaşır. Ancaq xal itirsə, ilk dördlükdən uzaqlaşır. Bu sarıdan Sumqayıtdakı görüş həlledici olacaq. Hardasa heç-heçə də intirqanı saxlaya bilər. Ancaq təbii ki, məğlubiyyət "Qəbələ"nin şanslarını çox azaldır.

- Bu turda yarımfinaldakı digər cütü təşkil edənlər - "Zirə"ylə "Keşlə" də görüşdü. Sizcə, bu qarşılaşma finala vəsiqəylə bağlı şanslarını dəyərləndirməyə imkan verdimi, yoxsa komandalar "kartlar"ını gizlətdilər?

- "Keşlə"də oyun planında irəliləyiş olduğunu az əvvəl bildirdim. Adətən baş məşqçi dəyişikliyi futbolçulara ruh yüksəkliyi gətirir, üstəlik, fasilə də oldu yaxşı hazırlaşmaq baxımından. Sənan Qurbanov bəzi taktiki gedişlərdə də öz fəlsəfəsini yeridə bilib. Ancaq "Zirə"nin son matçlarına baxıram və daha çox hiss olunur ki, nəticəyə oynayır. O xal fərqini qoruyur ki, 3-cü pillədə qalsın. Baxmayaraq ki, evdə çıxış edirdi, 1 xal da olsa xalı artırır. Hiss olunur ki, strateji baxımdan hərəkət gedir, daha çox buna diqqət yetirir. Oyun qalıb ikinci planda, daha çox nəticəyə önəm verilir ki, ilk üçlükdə yerini möhkəmlətsin. 

- Bəs, "Sabah"da baş məşqçi dəyişikliyindən sonra hansı müsbət məqamlar görünür? Belə demək olarmıl ki, bu mövsüm "avrokubok qatarı" getdi və Ramin Quliyevlə mövsümü "qapını bərk çırpmaq" baxımından başa vurmaq lazım gələcək?

- Düşünürəm ki, ilk dördlüyə - Avroliqa zonasına düşmək çətin olacaq. Ancaq əsas müsbət cəhət odur ki, futbolçuların psixoloji durumu yaxşılaşıb. Artıq istəkli oynayırlar. Xüsusilə də nəzərə alsaq ki, "Sabah"da milli futbolçular çoxdu. 

- Milli məşqçisi olduğunuzdan, məhz bununla bağlı fikirlərinizi bilmək istərdik...

- Bütün milli futbolçularda irəliləyiş hiss olunur. Bu baxımdan "Sabah"da o müsbət halları qeyd etmək olar. Bəzən bu istək xal qazanmağa da təsirini göstər bilər. O qədər istəkli ola bilər ki, lazımsız toplar da buraxa bilərlər. Yəni, istək əksinə də işləyə bilər. Təbii ki, futbolçular mövsümün sonunda özlərini göstərmək istəyirlər. Yeni baş məşqçi gəlib, müqavilələr bitmək üzrdədi və növbəti mövsüm üçün heyət müəyyənləşir. Strateji yox, istək baxımından irəliləyiş daha çox hiss olunur. 

 

 

MEHMAN SÜLEYMANOV