"Hazırkı vəziyyətdə şansımız yoxdur". Bunu Sport24.az-a açıqlamasında tanınmış agent Emil Şükürov deyib.
Şükürov vahid oyun sxeminin qurulması və heyətin gəncləşdirilməsi istiqamətində işlərə başlamaq üçün indiki şərait əlverişli olduğunu da vurğulayıb:
"Reallığı qəbul etmək lazımdır. Hazırkı vəziyyətdə şansımız yoxdur. Bu səbəbdən, uzunmüddətli inkişaf strategiyasını indidən həyata keçirmək daha məqsədəuyğun olardı. Bu qrupda milli komandadan möcüzə gözləmək sadəlövhlükdür. Lakin hazırda vahid oyun sxeminin qurulması və heyətin gəncləşdirilməsi üçün ideal şərait var.
Eyni zamanda, U-19 və U-21-də perspektivli oyunçuları A milliyə dəvət etmək lazımdı. Bütün yaş qrupları üzrə milli komandaları vahid oyun üslubuna uyğunlaşdırmaq, şəffaf və ədalətli seleksiya prosesinə önəm vermək əsas prioritetlərdən biri olmalıdır."
Qeyd edək ki, bu gün DÇ-2026-nın seçmə mərhələsinin püşkü atılıb. Millimizin D qrupundakı rəqibləri UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa – Xorvatiya cütünün qalibi, həmçinin Ukrayna və İslandiya yığmalarıdır. Bu qrupda mübarizə 2025-ci ilin sentyabrında başlayacaq.