"Son oyunlarda "Sabah"ın sərgilədiyi inamlı və məzmunlu futbol komandanın bu mövsüm qarşısına ciddi hədəflər qoyduğunu göstərir". Bunu Sport24.az-a açıqlamasında Elmar Baxşıyev deyib.
Təcrübəli mütəxəssis "Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Rumıniyanın paytaxtı Buxarestdə "Hapoel"ə (Beer-Şeva) qarşı keçirəcəyi oyundan gözləntilərini bölüşüb:
"Görünən odur ki, əsas məqsəd avrokuboklarda mümkün qədər irəliləmək və qrup mərhələsinə vəsiqə qazanmaqdır. Qarşılaşmanın neytral meydanda keçirilməsi də komandamız üçün müəyyən üstünlük yarada bilər. Bu rəqibin "doğma divarlar" amilindən istifadə imkanlarını azaldır. Fikrimcə, ilk görüşdə şanslar bərabərdi. "Bayquşlar" son oyunlardakı çıxışını davam etdirə bilsə, rəqibinə qarşı kifayət qədər ciddi müqavimət göstərə bilər. İsrail təmsilçisi "Hapoel"i (Beer-Şeva) "Sabah" üçün keçilməz rəqib hesab etmək olmaz. Əksinə, komandanın hazırkı oyun səviyyəsini nəzərə alsaq, bu rəqib "Sabah"ın gücünə görədir. Təbii ki, avrokuboklarda hər bir detal önəmlidir və xüsusilə ilk oyunda buraxılacaq səhvlər yekun nəticəyə ciddi təsir göstərə bilər. Məncə, Masazır təmsilçisinin qrup mərhələsinə yeksəlmək şansı yetərincə böyükdür. Bunun üçün komanda öz oyununu nümayiş etdirməli, müdafiədə diqqətli olmalı və hücumdakı imkanlarından maksimum yararlanmalıdır. Son görüşlərdəki dinamika qorunarsa, "Sabah"ın bu mərhələni keçəcək".
Qeyd edək ki, "Hapoel" - "Sabah" matçı avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da Buxarestdəki "Quleşti" stadionunda start götürəcək. Komandalar arasında cavab matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu qarşılaşmaya saat 20:45-də start veriləcək.