"Əlbəttə, Gəncə şəhər stadionunda təmir işlərinin aparılması xoşdu. Bilirsiniz ki, bu, bir müddət müzakirə mövzusudu. Belə bir plan varsa və bu, yaxın gələcəkdə həyata keçiriləcəksə, buna yalnız sevinə bilərik". Bu sözləri Sport24.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbbasov deyib.
Məlumdu ki, Gəncə şəhər stadionunda yenidən qurulması ilə bağlı işlərin başlanılması gözlənilir. Belə ki, artıq bir həftədən sonra arenan söküntüsünə start veriləcək. Premyer Liqanın VIII turu çərçivəsində “Qəbələ” ilə keçiriləcək oyun böyük ehtimalla, “Kəpəz” üçün cari mövsümdə sonuncu ev qarşılaşması olacaq.
Belə olan halda, Nizami yurdunun təmsilçisi yenidən ayrı məkanda rəqiblərini qəbul etməli olacaq. Maraqlıdı, bu, hansı stadion olacaq? PFL rəsmisinin sözlərinə görə, klub rəhbərliyi ilə məkan məsələsi hələ müzakirə olunmayıb: "Kəpəz"dən hələ ki rəsmi məlumat almamışıq stadionlarının təmirə dayanıb-dayanmayacağı ilə bağlı. Onlar bizə bunu rəsmi şəkildə bildirdikdən sonra məsələ müzakirəyə çıxarıla bilər. Əsasaməyə əsasən klubun stadionunda fors-major halları meydana gələrsə - təmir, bərpa, yenidənqurma işləri görülərsə, klub artıq oyunlarla bağlı yeni stadionu təmin etməlidi. Bəli, Qəbələdə oynamaq təcrübələri olub. Sadəcə olaraq, hal-hazırda ortada rəsmi müraciət olmadığına görə konktet şəkildə danışmağımız düzgün olmazdı".
Xatırladaq ki, "Kəpəz" ötən mövsüm də stadion problemi səbəbindən Gəncədən ayrı düşmüşdü. Mövsümün əvvəlində “sarı-göylər” “Dalğa Arena”da 1 oyun keçirəndən sonra daha yaxın bölgəyə - Qəbələyə üz tutmuşdu.
MEHMAN SÜLEYMANOV