Premyer Liqamızın lideri "Zirə" növbəti qələbəsini çox çətin bir matçda qazandı. Belə ki, "Sumqayıt"la ev görüşündə favorit olan "qartallar" 10-cu dəqiqədə qırmızı vərəqə alaraq azlıqda qalsa da, qələbə topunu vura və aktivinə növbəti 3 xalı yaza bildi. Zirəlilərin aparıcı futbolçularından olan mərkəz yarımmüdafiəçisi Eldar Quliyev görüşdən sonra Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. 

- 80 dəqiqə azlıqda oynamalı oldunuz və qalib də gəldiniz. Buna necə nail oldunuz?

- Bu, həm də keçən turda "Qəbələ"yə məğlubiyyətdən sonra daha çətin idi. Xarakter göstərdik və məqsədimizə çatdıq. Baş məşqçimiz fasilədə tapşırıqlarını verdi ki, top uğrunda mübarizələrdə yaxşı olaq, bu zaman sərt oynayaq. Əsas top almaqda yaxşı oynamaq idi, sonra isə artıq topla. 

- Səncə, həmin epizodda qırmızı vərəqə vardı?

- O ("Zirə"nin italiyalı yarımmüdafiəçisi Pyer Zebil-müəllif.) topa oynayırdı. Ola bilər, ayağı bir az yuxarı qalxaraq rəqibin ayağına toxundu. Fikrimcə, bu, qırmızı vərəqə deyildi, maksimum "sarı" idi. 

- Komandanız liderliyini möhkəmləndirdi. Eyforiyada ola bilərsiniz?

- Yox. Özüm barəsində onu deyə bilərəm ki, hər oyuna çıxaraq həmişəki kimi oynayıram. Komandaya gəlincə, hamı meydana o fikirlə çıxır ki, bundan sonra da liderliyi davam etdirmək lazımdı. Lider olmaq həmişə xoşdu. 

- Qəbələdəki məğlubiyyətə toxundun. Hansı ki bu çempionatda yeganə xal itkiniz olan matçdı. Nə baş verdi ki, xalı olmayan autsayderə uduzdunuz?

- Necə deyək autsayder...Çox yaxşı komandadı "Qəbələ". Üstəlik, ilk 4 turda uduzmuşdu. Beşinci matçda isə 1-ci yerdə gedən komandaya, yəni bizə qarşı çıxırdı. Gözləmək olardı ki, çox yaxşı futbol göstərəcəklər. Sərt oynayırdılar, qol vurdular və bundan sonra futbol oynamağı dayandırdılar. Bizə də oynamağa imkan vermədilər, vəssalam!

- Sarğıda olan əlin necədi? 

- Normal.

- Bu, oyun epizodu idi?

- Deməzdim. Arxadan mənə zərbə vurdular, yıxıldım və üstəlik, əlimin üstünə çıxdılar. Amma qayda pozuntusu verilmədi. 

- Azərbaycanlı hakimlər necə səviyyədədirlər?

- Çox sərtdirlər (gülür).

- Ukraynalı hakimlərlə necə müqayisə edə bilərsən?

- Bilrsiniz, Ukraynada belə ola bilər ki, hakimlər digər komandalara kömək edə bilərlər. Çünki meydan sahiblərinə simpatiya olur. Bu, həmişə belə olub. Fikrimcə, Ukraynadakı hakimlər daha yaxşıdırlar. Burdakı hakimlərlə bağlı misal göstərim "Turan Tovuz"la matçı. Xatırlayırsınız, keçən mövsümdəki bu görüşü. Onda hakimlik dəhşət idi. 

- Səncə, liderliyi sonadək qoruya biləcəksiniz? Yoxsa məqsəd medalçılardan biri olmaq olacaq?

- Yox, məqsəd liderlik olacaq.

- Yəni çempionluq...

- Bəli. Necə alınacağını isə artıq zaman göstərəcək. 

- Nəzərə alaq ki, "Qarabağ", "Neftçi" və "Sabah" kimi favoritlər var...

- Olsun. "Qarabağ"la "Sabah"ı udmuşuq. Qarşıdakı turda da "Neftçi"ylə matç gəlir. Çalışacağıq ki, ona da qalib gələk.

- Sözündən belə çıxır ki, sizi çempionluq mübarizəsində hesabdan silmək olmaz. Necə hesab edirsən, "Zirə" çempionluğa hazırdı bu oyunla?

- Biz komanda olaraq hazırıq. Bunu daxildə müzakirə də etmişik. 

- Hamı deyir ki, bu çempionat çox maraqlıdı. Yəni, nə aşkar lider var, nə də aşkar autsayder...

- Necə lider yoxdu... Biz varıq, "Zirə" var (gülür).

- "Zirə"də özünü necə hiss edirsən? Artıq Azərbaycana tam alışmısan?

-  Bəli. Özümü yaxşı hiss edirəm. Şadam ki, bura gəlmişəm. Burda oynayıram, yeni təcrübədi, nəyisə öyrənirəm. 

- Ukraynaya qayıtmaq məqsədin var, yoxsa...?

- Məqsədim burdan Avropaya yollanmaqdı - buna imkan olarsa.

- Səncə, Azərbaycan Premyer Liqası bu yöndə tramplin ola bilər?

- Fikrimcə. hə. Necə ki Aleksey Kaşuk "Şaxtyor"a qayıtdı, orda oynayır, Çempionlar Liqasında çıxış edəcək.

 

 

MEHMAN SÜLEYMANOV