Dünən Qəbələdə keçirilən və "Turan Tovuz"un əzmkar qələbəsi ilə başa çatan matçı izləyənlər arasında "boz qurdlar"ın İdarə Heyətinin sədri Ehtiram Quliyev də vardı. Oyundan sonra Ehtiram bəy Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Ehtiram bəy, bu gün "Turan Tovuz" hesabda geri düşdüyü qarşılaşmada vacib 3 xal qazandı. Oyunla bağlı fikirlərinizi bilmək istərdik...
- Oyun haqqında danışmalı olan və əsas söz sahibi baş məşqçidi. Biz sadəcə, doğma komandamıza dəstək vermək üçün Qəbələyə gəlmişdik. Çox sevincliyik ki, futbolçularımız meydanda döyüşdü və geridönüş edə bildi.
Qələbə münasibətiylə bütün "Turan Tovuz"sevərləri təbrik edirəm.



- "Turan Tovuz" III dövrəni yaxşı keçirdi. Son dövrəyə də pis başlamayıb. Necə düşünürsüz, komandanız avrokuboklara vəsiqə qazana biləcək?
- Qarşımıza avrokuboklara vəsiqə qazanmaqmaq hədəfi qoyulmayıb. Başlıca məqsədimiz çempionatda layiqli mübarizə aparmaqdı. Buna baxmayaraq, qitəmiqyaslı turnirlərə getmək üçün şansımız varsa, bundan maksimum istifadə etməliyik. Əminəm ki, Ayxan müəllim və futbolçuları bunu hamıdan yaxşı bilir və bu yolda əlindən gələni edəcəklər.


- Sona 6 tur qalıb. Qarşıdakı oyunlar barədə nə düşünürsüz?
- Son 6 oyunun hamısı bizim üçün final qarşıdurmasıdı. İnanıram ki, komandamız əzmkarlıq sərgiləyib maksimum nəticə qazanacaq. Futbolçularımıza bolluca uğurlar arzulayır, azarkeşlərimizi isə sona qədər bizimlə olmağa və tribunaları doldurmağa səsləyirəm.

ABDULLA İSMAYILOĞLU