Tovuzun "Turan"ı Avropanı fəth etməyə doğru irəliləyir. Söhbət, əlbəttə ki, qadın voleybolçulardan gedir.

CEV Çempionlar Liqasında Azərbaycanı təmsil edən komanda dünən Bolqarıstanda "Maritsa"nı 3:0 hesabı ilə məğlub etməklə qrup mərhələsinə yüksəlmək yönündə ciddi addım atıb. Bundan əvvəl Xorvatiyanın "Mladost" klubu da iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırılıb – 3:0, 3:2.

Cəmi bir il əvvəl yaradılan və ya formalaşdırılan komandanın qısa müddətdə Azərbaycan çempionu olması, ardınca Çempionlar Liqasının əsas mərhələsinə bu qədər yaxınlaşması təsadüf deyil. Bunun adı düzgün idarəçilikdir. Düzgün struktur, düşünülmüş seleksiya, doğru məşqçi seçimi və hədəfə uyğun qurulan komanda.

Bəs eyni şəhərin "Turan Tovuz" futbol klubunda vəziyyət necədir?

Maraqlıdır ki, "Mladost"la Tovuzdakı qarşılaşmanı "Turan Tovuz"un rəhbər şəxsləri də tribunadan izləyirdi. İdarə Heyətinin sədri Ehtiram Quliyev, baş məşqçi Kurban Berdıyev, klubun əsas simalarından Nəsimi Paşayev… Hamısı voleybolçuların uğuruna sevinir, qələbəni alqışlyırdılar. Bu mənzərəni görmək xoşdur. Amma bir sual da yaranır: görəsən, onlar həmin uğurun arxasında dayanan səbəbləri də görürlərmi?

Çünki "Turan" voleybol komandası qısa müddətdə nəticə göstərməyi bacarırsa, futbol komandası niyə eyni inkişaf tempini nümayiş etdirə bilmir? Axı burada söhbət təkcə büdcədən, legionerlərdən, məşqçi adından getmir. Söhbət sistemdən, düzgün planlaşdırmadan və idarəçilik fəlsəfəsindən gedir.

"Turan Tovuz"un iddiaları böyükdür. Amma iddia ilə nəticə arasında ciddi məsafə var. "Biz çempionluq üçün oynayırıq" demək heç nəyi dəyişmir. Tovuz futbolunda illərdir gözlənilən sıçrayış hələ də tam reallaşmayıb. Voleybol komandası Avropada mərhələ adlayır, futbol komandası isə öz iddialarını meydanda davamlı şəkildə təsdiqləməlidir.

Ən maraqlısı isə odur ki, futbol klubunun rəhbər şəxsləri voleybol komandasının uğuruna tribunadan şahidlik edirlər. Bəlkə də elə həmin tribunada bir az da diqqətlə baxmaq, qeydlər aparmaq lazımdır. Çünki öyrənməli çox şey var.

Ehtiram Quliyev, Nəsimi Paşayev, bəlkə də "Turan"ın uğur düsturunu elə özünüzə yaxın olan bu komandadan öyrənəsiniz? Hələlik voleybolçular Avropada Tovuzun adını ucaldır, futbolçular isə bu uğurun kölgəsində qalır. Səbəb nə olursa-olsun "Turan Tovuz" Avropaya ayaq aça bilmir.

"Turan"ın Avropa qələbəsinə alqışlamaq gözəldir. Amma bəlkə növbəti dəfə həmin alqışları futbol komandasına da daşıyasınız?