“Sumqayıt”da köməkçi-məşqçi kimi fəaliyyət göstərən Rail Məlikov Azərbaycan yığmasının hazırkı durumuna münasibət bildirib. Yığmanın sabiq müdafiəçisi Sport24.az-A müsahibəsində UEFA Millətlər Liqasının cari mövsümündəki nəticələri dəyərləndirməklə yanaşı, Slovakiya və Qazaxıstanla keçiriləcək son iki görüşlə bağlı gözləntilərini də açıqlayıb.
37 yaşlı mütəxəssis millinin baş məşqçisi Canni de Byazinin müvafiq olaraq sentyabrın 22-də və 25-də baş tutacaq matçlardan sonra ayrılmalı olduğu qənaətindədir.
- Azərbaycan yığması Millətlər Liqasında sona iki tur qalmış 4 xalla üçüncü pillədə qərarlaşıb. Turnir başlamazdan əvvəlki gözləntilər özünü doğrultdumu?
- Turnirin əvvəlində tək mən yox, bütün Azərbaycan xalqı, futbolsevərlər çox şey gözləyirdi. Düzdür, milli komandamız Millətlər Liqasına pis başladı. Amma ötən turda Belarus üzərində qələbə qazanmağı bacardı.
- Slovakiya və Qazaxıstanla matçlarda hansı nəticəyə ümid edirsiniz?
- Hər iki görüşdən maksimum nəticə gözləyirik. İnşallah, yığmamız həm Slovakiya, həm də Qazaxıstana qalib gələr. Başqa heç bir nəticə gözləmirik.
- Millətlər Liqasında mövsüm başlayanda hədəf qrup birinciliyi olsa da, mənzərə başqadır. Məqsədə çatmaq üçün nə çatmadı?
- Bir qədər çətin sualdır. Bircə onu deyə bilərəm ki, komandamızın 1-ci turda Qazaxıstana Nur-Sultandakı görüşdə uduzmamasını istərdim. Orada uduzsaq da, uşaqlar Bakıda həmin yenilginin revanşını almalıdırlar. Millimizin, xüsusən də, Qazaxıstana qalib gəlməsini istəyirəm. “Qarabağ” ölkənin adını necə yüksəklərə qaldırırsa, millidən də eyni nəticələr gözləyirik. Bu, reytinqimizə də müsbət təsir edər.
- Baş məşqçi Canni de Byazinin millidə son iki oyunudur, italiyalının müqaviləsi bitir. Sizcə, AFFA rəhbərliyi onunla yenə yola davam etməlidir, yoxsa dəyişiklik vacibdir?
- Gedişat belə davam edə bilməz. De Byazi özü başa düşməlidir ki, nəticə verə bilmirsə, orada qalmağın mənası yoxdur. Millidə zəiflik göstərmək olmaz. Ona yeni müqavilə təklif ediləcəyinə inanmıram. Təklif olsa belə, gərək özü başa düşüb getsin.
- Qara Qarayevin milliyə çağırılmaması son günlərin ən çox müzakirə olunan mövzusudur. Bu məsələ ilə bağlı sizin mövqeyiniz necədir?
- Bununla bağlı iradlara qoşuluram. Qara bu gün mütləq millidə olmalı idi. Onun çağırılmamasına mən də təəccübləndim. Adamın inanmağı gəlmir ki, Avropada ölkə futbolunu tanıtdıran “Qarabağ”ın aparıcı oyunçusu milliyə çağırılmır. Bu, Azərbaycan yığmasının həm gücünə, həm də imicinə zərərdir. Adlı-sanlı və ən yaxşı formada olan futbolçunun çağırılmaması düzgün deyil. Qara milliyə çağırılanların çoxundan da güclüdür. Nəinki çağırılmalı, hətta start heyətində meydana çıxmalıdır.
- “Sumqayıt” bir ara milliyə 7-8 futbolçu verirdisə, bu dəfə heç kim dəvət almayıb. Məlumdur ki, nəticələr bunu şərtləndirir. Ümumiyyətlə, “Sumqayıt”ın heyətində yığmaya fayda verəcək perspektivdə oyunçu varmı?
- Əvvəllər “Sumqayıt” yaxşı nəticələr əldə edirdi, oyunu ilə irəli gedirdi. Bu da yığmaya çox oyunçu verməsinə səbəb olurdu. İndi komanda enişdədir. “Qara zolaq”dan çıxdıqdan, oyunçular özlərini yaxşı tərəfdən göstərəndən sonra inanıram ki, bizdən də dəvət alanlar olacaq.
KAMAL RZA