"Oyunu izlədim. Kubokun finalında favorit olmur. Bir oyun olduğuna görə, istənilən nəticə qeydə alına bilər". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.
Sultanov ölkə kubokunun həlledici qarşılaşmasında hakimliklə bağlı yaranan narazılıq barədə fikirlərini bölüşüb:
"Çox maraqlı oyun oldu. Hakimliklə bağlı "Qarabağ"ın narazılıq etməsi normaldır. Hər-halda Qurban Qurbanovun gördüyü nəsə var. Hakimlik barədə danışmaq istəmirəm. Əfsuslar olsun ağdamlılar son dəqiqələrdə qol buraxmaqla qələbəni əldən verdilər. Məncə, "Sabah" daha istəkli görünürdü. Avrokuboklara vəsiqə üçün son şansları olduğuna görə, vuruşurdular. Bundan sonra heç nəyi qaytarmaq mümkün deyil. Avrokuboklarda bütün klublarımıza uğurlar arzulayıram. İnşallah, hakim səhvləri orda olmasın".
Qeyd edək ki, Azərbaycan Kubokunun həlledici görüşündə "Qarabağ"a qalib gələn "Sabah" tarixində ilk titula sahib çıxmaqla yanaşı, Avropa Liqasına vəsiqə qazanıb.