"Növbəti beynəlxalq matçlarımız mart ayındadı. Qarşıda hələ 4 ay var və bu müddətdə futbolçulardan kim oynayacaq, kim yox - bilinmir. Qarşıda "transfer pəncərəsi"nin açılması da olacaq və ola bilsin hansısa futbolçu başqa bir kluba keçdi. Bir sözlə, 4 ay az vaxt deyil və bu müddət ərzində futboçuların hansı durumda olması bizi narahat edir". Bu fikirləri Sport24.az-a açıqlamasında U-21 yığmamızın baş məşqçisi Samir Əliyev deyib.
Onun sözlərinə görə, yanvarda 5-7 günlük təlim-məşq toplanışı və 2 yoxlama matçı keçirmək istəyirlər: "Rəhbərliyə bu haqda müraciət olunub, özüm də bu yaxında görüşüb müzakirə edəcəm. İstərdik ki, heç olmasa 1 oyun oynayaq. Düzdür, yanvarda milli komanda üçün UEFA-nın "pəncərəsi" yoxdu. Amma rəqib kim olursa-olsun, güclü olsun - fərq etməz. Bir-iki müraciət var. Oynamaq istəyən Asiya ölkələridi, güclü rəqiblər, U-23 səviyyəsində yığma komandalardı. Konkret olaraq Cənubi Koreya yığması oynamaq istəyir. Onlar da rəqib axtarır. Çox güclü yığmadı. U-20-ləri bu yaxında Avropanın güclü futbol ölkələrindən birinin U-21-ni 3 cavabsız qolla məğlub edib".
Əliyev yolşdaşlıq matçlarının baş tutmasıyla bağlı bəzi problemlərin olduğunu da gizlətməyib: "Əvvəla, bir çox futbolçu həmin vaxt klublarında olacaq. Əsas heyət üzvləri olmasalar da, komandalarının heyətində qış təlim-məşq toplanışında iştirak edəcəklər. Bundan əlavə, oyunlar yanvarın 15-25-də olmalıdı. Bizdə də artıq yanvarın 21-də Premyer Liqada III dövrə başlayır. Görək necə olacaq...Oyun alınmasa, martı gözləməli, həmin vaxtadək futbolçularımıza nəzarət etməliyik. Əsas odur ki, onlar öz klublarında oynasınlar, yaxşı formada olsunlar, Premyer Liqada daha çox şans qazanmağa çalışsınlar. Əsas komandalarda ehtiyatda oturub az oynayan, yaxud ümumiyyətlə, oynamayan futbolçular var ki, öz üzərilərində işləyərək məşqçilərin rəğbətini qazanmalı, start heyətə düşüb daim çıxış etməlidi".
MEHMAN SÜLEYMANOV