"Milidən sonra yenidən U-21 yığmamıza yollanmağı özümüz istədik. Bununla həm yığmamıza qarşıdakı rəsmi matçda kömək etmiş oluruq, həm də beynəlalq oyun təcrübəmiz artır". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov deyib.

Əsas yığmamızın AVRO-2024-də son matçları olan İsveç və Belçika ilə görüşlərdə oynamaq şansı qazanmayan gənc mərkəz müdafiəçisi "Qarabağ"ın yarımmüdafiəçisi Nəriman Axundzadəylə birgə Brüsseldən İspaniyanın Mursinə şəhərinə yollanaraq hazırda U-21-in düşərgəsindədi. Belə ki, Azərbaycan bu gün həmin məkanda, qrup lideri Ukraynanın qonağı olacaq.

Cəlalın fikrincə, son vaxtlar oynamasa və 21 yaşlılarla hazırlıq keçməsə də, ona fiziki, psixoloji cəhətdən çətin olmayacaq: "Deyim ki, oyun praktikası sarıdan korluq çəkirəm - elə bir şey yoxdu. U-21-ə hazır gəlmişəm. Əvvəldən də fikrimdə vardı ki, oynamasam, gedib qrup lideri olan çətin matçda kömək edim. Ümumən buna hazırlıqlı idim. Meydana var-gücümüzlə çıxacağıq, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Bolqarıstanın "Arda" klubunun üzvü olan 20 yaşlı Hüseynov rəqibi belə dəyərləndirib: "Əlbəttə. Ukrayna yığması güclü komandadı. Həqiqətən yaxşı futbolçuları var. Yaxşı, dinamik futbol oynayırlar. Lakin bu, o demək deyil ki, oyuna çıxmadan artıq təslim olacağıq. Yox, belə olmayacaq. Əlbəttə, çıxıb vuruşacağıq. Ola bilər ki, oyun keyfiyyətində bizdə üstün olsunlar. Amma meydana ürəyimizi qoyacağıq ki, burda yaxşı nəticə qazanaq, Vətənə uğurla dönək. Həm də qrupumuzda vəziyyət elədi ki, irəliləməyə daha çox şansımız var. Buna görə nəticə üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Xatırladaq ki, Ukrayna - Azərbaycan matçı bu gün Bakı vaxtilə saat 22:00-da keçiriləcək.

 

 

MEHMAN SÜLEYMANOV