"Futbolçu karyeramın ən gözəl illərini "Qəbələ"də keçirmişəm. Bu gün də özümü bu komandanın bir parçası hesab edirəm. Son günə qədər inanırdım ki, "Qəbələ"yə güzəşt olunacaq. Amma bu baş vermədi. Acı reallıqla barımalıyıq". Bu sözləri Sport24.az-a açıqlamasında vaxtilə "Qəbələ"nin formasını geyinmiş Cavid Hüseynov deyib.


Hazırda II Liqada çıxış edən "Cəbrayıl"ın "sükanı arxasında" olan gənc mütəxəssis "Qəbələ"nin ən qısa vaxtda yenidən elitaya dönəcəyinə inandığını da bildirib: "Qəbələ"nin təslim olacağına inanmıram. Klubun yaxşı bazası, infrastrukturu var. Ordafutbol oynamaq üçün əla şərait yaradılıb. Fikrimcə, "qırmızı-qaralar"ın I Liqayda düşməsi həm azarkeş marağına səbəb olacaq, həm də liqanın səviyyəsi bir qədər yüksələcək. İnanıram ki, sabiq komandam aşağı dəstədə çox ləngiməyəcək".

 

 Hüseynovun fikrincə,  AFFA rəhbərliyi aşağı liqalara maliyyə dəstəyini artırmalıdı: "Yeni AFFA rəhbərliyindən gözləntilər çoxdu. Yaxşı olardı ki, aşağı liqalara maliyyə yardımı artırılsın.Bu gün II Liqada səviyyəli, döyüşkən, peşəkar komanda yaratmaq və çempion olmaq üçün minimum 300 min manatlıq büdcə olmalıdı. I Liqada isə ortabab komanda qurmaq üçün 600-700 min manata ehtiyac var. Futbolumuzun inkişafını istəyiriksə ayrılan mamaliyyə paketində artım olmalıdı. Mən heç də hər şeyi AFFA-ın da üzərinə atmağın tərəfdarı deyiləm. Klublar da inkişafda maraqlı olmalıdılar. Müasir futbolda peşəkarlaşmağın əsas şərtlərindən birincisi maddiyatdı".


ABDULLA İSMAYILOĞLU