Premyer Liqanın XIV turunda “Neftçi” ilə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir. Sport24.az xəbər verir k, dünənki məşqin ardından 1 günlük istirahətə buraxılan komanda üzvləri sabah yenidən bir araya gələcəklər.
Millinin oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasiləni lehinə dəyərləndirməyə çalışan komandanın üzvü Vanderson Melo arazpfk.com-a hazırlıq və qarşıdan gələn oyunla bağlı danışıb: “Neftçi” ilə oyunun hazırlığı davam edir. Komanda olaraq son iki oyundakı uğursuzluğa son qoymaq istəyirik. Çempionatdakı fasilədən maksimum dərəcədə faydalanmağa çalışırıq”.
Təcrübəli futbolçu “Sumqayıt” və “Kəpəz”lə görüşdəki yenilgilərin xüsusi qabardılmasını düzgün hesab etmir: “Futbolda qalib gəldiyin kimi, məğlub da olursan. Yaxşı oynayanda üstünlük səndə olur, pis oynayanda əksi baş verir. Razıyam, son iki oyunda imkanımızdan zəif çıxış etdik. Futboldur, bu da olur. Qələbəni heç kim bizdən çox istəyə bilməz. Səbirli olmaq, çox çalışmaq lazımdır. Komanda olaraq səhvlərimizi görürük. Təbii ki, addım-addım onları aradan qaldıracağıq. Yenə deyirəm, bunu üçün çox işləməliyik”.
Braziliyalı dayaq yarımmüdafiəçisi “Neftçi” haqda da danışıb. O, komandaları adlarına və ya titullarına görə bölmək istəmədiyini deyib: “Başa düşürəm, “Neftçi” iddialı, köklü klubdur. Ancaq işimizi yaxşı görməyə çalışmalıyıq. Buna nail olsaq, məqsədimizə çatacağıq. Yəni kiminlə qarşılaşmağımız yox, oyuna necə hazırlaşmağımız, hazır olmağımız önəmlidir. Meydanda ən yaxşısını etməli, intizamlı və yaxşı konsentrasiya olmalıyıq”.
Vanderson zədəsi ilə bağlı məsələyə də aydınlıq gətirib. O, meydana çıxmaq üçün heç bir problemin qalmadığını, baş məşqçinin qərarını gözləyəcəyini bildirib.
Qeyd edək ki, “Neftçi” – “Araz-Naxçıvan” oyunu noyabrın 26-da saat 15:30-da “Neftçi Arena”da keçiriləcək.