“Məlum qərarla bağlı araşdırma aparılıb və bəlli olub ki, “Araz Naxçıvan”ın futbolçusu Orxan Əliyev cari mövsüm ərzində Gürcüstan çempionatında iştirak edib. Burda söhbət peşəkar liqadan gedir və bu da birbaşa olaraq Region Liqasının Əsasnaməsi ilə qadağandı. Hər şey sırf Əsasnamənin müvafiq bəndinin pozulmasına görə olub”. Bu fikirləri Sport24.az-a açıqlamasında AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Departamentinin rəhbəri Yusif Vəliyev deyib.

Məlumdu ki, assosiasiyanın keçirdiyi Region Liqasında finala çıxan “Araz Naxçıvan”a AFFA İntizam Komitəsi tərəfindən 0:3 hesablı texniki məğlubiyət verilib. Bu da “Xan Lənkəran”a 2:1 hesabıyla qalib gəldiyi yarımfinal matçında qanun pozuntusu ilə bağlıdı. Belə ki, Naxçıvan klubunun heyətində çıxış edən futbolçulardan Orxan Əliyevlə Elməddin Məmmədovun cari mövsüm ərzində peşəkar müqavilələrinin olması müəyyən edilib. Həmsöhbətimiz əsas diqqəti Əliyevə yönəldib: “Əsasnamənin 5.7 bəndində yazılıb ki, mövsüm ərzində peşəkar müqaviləsi olan oyunçu AFFA Region Liqasında cari mövsümdə transfer edilə bilməz. Digər futbolçu Elməddin Məmmədov Maldivdə oynayıb. Onunla bağlı məsələ bir az fərqli idi. İntizam Komitəsinin Naxçıvan təmsilçisinə texniki məğlubiyyət verməsinin əsas səbəbi Orxan Əliyevlə əlaqədardı. Əslində, hər iki futbolçuyla bağlı Əsasnamənin bəndi pozulub. Sadəcə, 5,12-də eyni zamanda oyunda iştirakdan gedir. Buna görəsə birbaşa cəza nəzərdə tutulub. Orxandan fərqli Elməddin həmin matçda oynamayıb, adı protokolda da olmayıb. Sadəcə, peşəkar müqaviləsi olub”.

Vəliyevlə söhbətimizdə bu futbolçuların necə lisenziya alaraq sifariş olunmalarıyla maraqlandıq: “Əsasnamədə aydın yazılıb ki, təqdim olunan sənədlərə görə birbaşa komanda məsuliyyət daşıyır. Sadəcə, həmin futbolçuların sənədləri təqdim olunmayıb. Axı, bilinməyib ki, onların hal-hazırda xarici klubla müqavilələri var. Bu haqda bizə hər hansı məlumat daxil olmayıb. İstənilən halda, təqdim olunan sənədlərə görə məsuliyyəti komanda daşıyır. Onlar Azərbaycan daxilində çıxış edən futbolçular olsaydı, vəziyyət fərqli olardı. Çünki AFFA-nın sistemində Azərbaycan daxilində olan müqavilələr var. Futbolçunun Maldivdə olan müqaviləsi isə bizim sistemdə olmur axı...İstənilən halda, sənədləri təqdim edən komandadı. Komanda tərəfindən həmin sənəd təqdim olunmayıbsa, onun məsuliyətini birbaşa onlar daşıyır”.

Departament rəhbəri məhz texniki məğlubiyyətin verilməsinə də toxunub. Yəni, ola bilərdimi, “Araz Naxçıvan”a daha ağır cəza olsun, yaxud ümumiyyyətlə, matç yenidən keçirilsin?: “Əsasnamədə müxtəif cəzalar nəzərdə tutulub - həmin bəndlərə diqqət yetirək. Burda texniki məğlubiyyət əsas şərtdi. Əsasnamə pozulduğuna görə məğlubiyyət verilməli idi. Əsasnamədə elə bənd yoxdu ki, oyun yenidən keçirilsin. Qayda pozulursa, birbaşa qərar texniki məğlubiyətdi.  Bu, İntizam Komitəsi tərəfindən verilmiş qərardı. Cəzanı verən bu qurumdu, biz deyilik. Sadəcə, biz tərəfdən müvafiq sənədlər təqidm olunub və onlar buna baxaraq qərar veriblər. Region Liqasında pul cəzası yoxdu, ancaq oyun cəzaları var”.

Vəliyev ona da xüsusi diqqət yetirib ki, Region Liqasının Əsasnaməsi mövsüm başlamamışdan öncə bütün komandalara təqdim olunur: “Və təbii ki, hamısı bunu oxuyub tanış olmalıdı. Sırf qeydiyyatla bağlı 5-ci maddənin sonuncu bəndində yazılıb ki, komanda təqdim olunan sənədlərə görə məsuliyyət daşıyır. Misal üçün həmin “Araz Naxçıvan”da Polşada oynamış futbolçu da vardı, onu araşdırdıq, həvəskar çıxdı. Xaricdə oynamaq üçün bir limit yoxdu. Sadəcə, burda söhbət peşəkar, yoxsa həvəskar liqada çıxışdan gedir. Həmin futbolçu Polşanın həvəskar liqasında oynadığından, komandasına bir problem yaratmadı”.

  

 

MEHMAN SÜLEYMANOV