"Dünya çempionatı 4 ildən bir keçirilir və çalışıram imkan daxilində oyunların əksəriyyətini izləyim. Təəssüf ki, turnir ABŞ, Meksika və Kanadada keçirildiyi üçün vaxt fərqi səbəbindən bəzi matçlara baxmaq çətin olur. Buna baxmayaraq, maraqlı və bolqollu oyunların şahidi oluruq". Bu sözləri Sport24.az-a açıqlamasında Bəxtiyar Musayev deyib.
Millimizin sabiq üzvü ötən gün keçirilən Fransa - Seneqal (3:1), Norveç - İraq (4:1), Argentina - Əlcəzair (3:0) və Avstriya İordaniya (3:1) görüşlərini şərh edib:
"Səhər saat 5-də başlasa da, Messiyə görə Argentina - Əlcəzair qarşılaşmasını izlədim və buna görə peşman olmadım. Fransa - Seneqal görüşü də kifayət qədər maraqlı keçdi. Afrika təmsilçisil ilk hissədə rəqibin təzyiqinə tab gətirə bilsə də, ikinci yarıda Fransanın ustalıq səviyyəsi öz sözünü dedi. Heyət baxımından çox güclü olan Fransa çempionatın əsas favoritlərindən biri hesab olunur. Norveç - İraq matçına da baxdım. Son illərdə Norveç futbolunun səviyyəsində ciddi yüksəliş müşahidə olunur. Onlar bu oyunda da inamlı qələbə qazandılar. İraq millisi güclü komandalar sırasında göstərilməsə də, ilk hissədə müəyyən müqavimət göstərə bildi. Lakin fasilədən sonra komandalar arasındakı səviyyə fərqi aydın şəkildə hiss olundu. Avstriya - İordaniya görüşü səhər saat 8-də olduğu üçün izləyə bilmədim (gülür). 5-də Argentinanın matçını baxdım deyə, onuburaxmalı oldum".
Qeyd edək ki, iyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq. Turnirdə ilk dəfə 48 komanda iştirak edir.