Avrokuboklara mübarizədə ölkə Kubokunda mübarizəni dayandırdıqdan sonra bütün diqqətini Premyer Liqaya yönəldən "Qəbələ" bu tur çətin sınaq qarşısındadı. Çünki son 7 mövsümün çempionu "Qarabağ"ın qonağı olacaq. Məhz bu komanda Elmar Baxşıyevin yetirmələrini Kubokda mübarizədən kənarlaşdırdı. Cəzası bitərək "texniki zona"ya qayıdan Baxşıyev Sport24.az-a müsahibəsində bu və digər məqamlar haqda fikirlərini bölüşüb. 

- Bugünkü rəqibimiz "Qarabağ"ı təqdim etməyə ehtiyac yoxdu. Komandanız belə güclü rəqiblə səfər matçına ilk növbədə psixoloji cəhətdən nə dərəcədə hazırdı?

- Qeyd etdiyiniz kimi, "Qarabağ"ın gücü hamıya məlumdu. Çempionatın lideri və şərhə ehtiyac olmayan bir komandadı. Amma sırf matça gəlincə, biz də yaxşı oyuna və uğurlu nəticəyə komandanı kökləyirik. 

- Uğurlu nəticə deyəndə, minimum 1 xal yəni?

- Komandanı mübarizəyə və daha çox düşünülmüş oyuna kökləyirik.

- Bu mövsüm "Azərsun Arena"ya gələnlər hələ ki "Neftçi"ni çıxmaq şərtiə məğlub yola salınıblar. Bəs, burda "Qarabağ"dan xal almağınızı nə dərəcədə real sayırsınız?

- Bu, statistikadı və onunla da futbola yanaşmaq düzgün deyil. Hər oyun bir-birindən fərqlənir. 

- Bu, təkcə statistika deyil, bir reallıqdı...

- Vallah, o nüansa önəm vermirik. Bilirik ki, bizi çətin oyun gözləyir və komandanı buna hazırlayırıq.

- Bu mövsüm Kubokda da rəqib olduğunuzdan, "Qarabağ"la artıq 5-ci dəfə görüşəcəksiniz. Kubokun revanşını almaq fikrinizdən keçirmi?

- Yox. revanş haqda düşünmürük. Əlbəttə, liderdən xal almaq hər bir komandanı sevindirir. Bizi də o cümlədən.

- Buna nail olmağınız üçün "Qarabağ"la matçda ilk növbədə nəyə diqqət yetirməliisniz?

- Əsas istəki olmalıdı komanda. "Qarabağ"la 90 dəqiqə konsentrasiyanı itirməmək şərtiylə hazırlaşmaq, oynamaq lazımdı. Əlbəttə, bu, rəqibin səhvini bağışlamayan komandadı.

- İki itkiniz var - cəzalılar Cavid Hüseyovla Rafael Utriq. Bəs, zədəliniz?

- Bu 2 futbolçu sarı vərəqə limitini aşdıqlarına görə oynamayacaqlar. Zədəli yalnız Vinko Medimoreçin durumudu. Buna da oyun saatlarında qərar verəcəyik. O, komandayla məşqlərini başlayıb. Sadəcə, yekun qərarı oyun günü verəcəyik. 

- Cəzalar hücum xəttinizin üzvləridi. Xüsusilə daha çox oynayan, qollar da vuran Utriqin itkisi nə dərəcədə öz sözünü deyəcək?

- Cavid də bizim üçün önəmli futbolçudu. Hər zaman komandanı arxasınca apara biləcək oyunçudu. Ona inamımız böyükdü. Bizim üçün Hüseynovun da olmamağı itkidi. Hər ikisi bizim üçün dəyərlidi. İkisi də komandaya fayda verəcək futbolçulardı. 

- Ancaq bu dəfə fayda verə bilməyəcəklər. Necə vəziyyətdən çıxacaqsınız?

- Onların yerinə çıxan futbolçulara inanıb o yerləri doldurmağa çalışacağıq. 

- "Sumqayıt" üzərində qələbə qazanıb xal fərqini 2-yə endirəndən sonra 4-cü, hətta 3-cü yer uğrunda mübarizədə şansınız artıb. "Qarabağ"la matçda daha çox nəticəyə oynamaqla bağlı motivasiyalınızmı?

- Şans həmişə var. Amma sırf bunu əldə etməliyik, turnir cədvəliylə yaşamalıyıq - yox, belə fikir yoxdu. Sizi inandırım ki, nə məndə, nə də futbolçularda. Sadəcə, fikrimizi qarşıdakı matça yönəldirik. 

- "Sumqayıt"la son oyunu cəza üzündən kənarda izlədiniz. Necə bir hisslər keçirdiniz? Komandanız tribunadan necə görünürdü?

- Biz az fərqli hisslərdi. Əlbəttə, oyun ərzində "texniki zona"da yer alanda, komandaya daha çox dəstək ola bilirsən. Ancaq komandam yoxluğumu hiss etdirmədi. İkincisi də köməkçim vardı orda - Xaqani Məmmədov. Onun savadına da, biliyinə də arxalanıram, inanıram və məni layiqinicə əvəzlədi.

- Futbol emosional oyundu. Bundan sonra "texniki zona"ya qayıdanda emosyialarınıza sahib ola biləcəksiniz ki, yenidən cəzalanmayasınız?

- Futbolun şahmatla fərqi odur ki, biri sakit idman növüdü, digəri emosiyalar üzərində qurulan. Əlbəttə, daha təmkinli olmalıyıq, buna çalışacağıq. Bu, oyunun gedişindən, gərginliyindən gələn bir hissdi. Hakimlər də xırda şeylər üzərində dayanmamalıdı. Elə nüanslar var ki, üstündən keçmək olar. Sırf reqlamentə görə belə olmalıdı - məncə, bu, yersizdi. 

- Hər halda, qanun hamıya eyni cür şamil olunmalıdı, kiməsə güzəşt də düzgün çıxmır...

- Xırda nüansdırsa, onu bir xəbərdarlıqla da yoluna qoymaq olar, nəinki tribunaya göndərməklə. 

 

 

 

MEHMAN SÜLEYMANOV