Bakıda keçirilən 15 yaşadək futbolçular arasında FIFA dünya çempionatı və festivalının rəsmi açılış mərasimi baş tutub. Sport24.az xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Daha sonra turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov və FIFA prezidenti Canni İnfantino tribuna qarşısına keçərək yarışın beynəlxalq idman aləmindəki rolu və əhəmiyyətindən söz açıblar. Çıxışlardan sonra tədbir zəngin bədii proqramla davam edib və sonda FIFA ilə birgə iştirakçı dövlətlərin bayraqları meydana gətirilib.

 

FIFA-ya üzv 189 ölkənin iştirak etdiyi turnirdə ümumilikdə 1000-ə yaxın matçın keçirilməsi planlaşdırılır. Oktyabrın 30-da yekun vurulacaq çempionatın oyunları Hövsan Yarış Kompleksində, açılış və final mərasimləri isə Bakı Kristal Zalında baş tutacaq.

 

Azərbaycan millisi də bu gün turnirdəki mübarizəsinə start verir. Yığmamız ilk matçında Bakı Kristal Zalında Timor-Leste komandası ilə üz-üzə gəlir.

 

Milli komandamızın növbəti oyun cədvəli də bəllidir. Bütün matçları Hövsan Yarış Kompleksinin 10A meydançasında keçirəcək seçməmiz oktyabrın 25-də saat 12:45-də Andorra, 19:30-da isə Avstraliya ilə qarşılaşacaq. Oktyabrın 26-da isə futbolçularımız saat 11:30-da İsrail, 18:15-də isə Haiti sınağına çıxacaqlar.