Keçən mövsüm AFFA-nın Region Liqasında adından söz etdirən, yekunda bürünc medalçı olan "Araz Naxçıvan" yenidən peşəkar futbola qayıdaraq I Diivizionda liderdi. Amma Azər Bağırovun komandası son 2 matçında heç-heçə edərək, ən əsası, qələbəni əldən verib. Bu, "Qəbələ"yə səfərdə 1:1, MOİK-lə evdə 3:3 hesablı heç-heçəylə olub. PRO kateqoriyalı məşqçilərimizdən olan 41 yaşlı Bağırovla söhbətimiz son turlardakı xal itkilərinin səbəbləri və qarşıdakı perspektiv haqda oldu. 

- Dünənki matçınız məhsuldar alındı, amma bu, qələbə yox, qollu bərabərlik oldu. Naxçıvanda da ilk dəfə xal itirdiniz. Nəticə qazanmağınıza nə mane oldu?

- Bu, artıq "Qəbələ"ylə səfər matçından yaranıb ki, o qədər qol epizodları yaradırıq, amma bunları reallaşdıra bilmirik. İnanın ki, elə qollar da "yeyirik" ki...Doğrudan da müdafiə planında çox işləsək, yaxşı olar. Səbəb tapa bilmirəm. Bəli, hücumda çoxlu top itiririk, bu, onların göstəricisidi. Bir neçə epizod oldu ki, rəqibin qapısı ağzında olaraq qol vura bilmir4ik, bizim qapıya əks-hücumlara çıxırlar. Qısa-konkret - çalışacağıq ki, bunları aradan qaldıraq, bunun üzərində daha çox işləyək.

- Hesabda 3:1 irəlidə olursunuz son 10 dəqiqədə, amma 3 dəqiqəyə 2 qol buraxaraq qələbəni əldən verirsiniz. Bu, diqqətsizlikdi, arxayınçılıqdı, yoxsa nədi?

- Oyundan qabaq da bu barədə danışmışdıq ki. sonadək diqqətli olmalyıq. Qəbələdə 90+3-cü dəqiqədə kuryoz qol buraxdıq. Qapımıza son 3 qol başla vurulub. Standart vəziyyət də deyil, sadəcə, qapımıza hücum axının kəsərini azalda bilirik. Dediyiniz  2 qol epizodu doğrudan da bizi "yıxdı-sürüdü". Özü də rəqib qapımızdan həmin topları başla keçirdi. 

- Deməli, "ikinci mərtəbə"də rəqiblərinizə uduzursunuz...

- Bəli, bu oyunda doğrudan da uduzduq. Açığı, bunu deməliyik. Qəbələdə də belə oldu - rəqib asmadan sonra topu qapımızdan keçirdi. Özü də sizə deyim ki, həmin trayektoriyadan 10 zərbə vursan, bəlkə də 1-i də keçməz qapıdan. Nə deyim, Allahdan xeyirilisi...

- "Qəbələ" ilə MOİK vaxtilə işlədiyiniz klublardı və sizi büdrədirlər. Bu, maraqlı təsadüfdü?

- Bilirsiniz necədi, düşündüyümüz bir şey var ki, nə qədər qol vurmayacaqsansa, sonluq sənin üçün yaxşı olmayacaq. 3:1-də iki təkbətək epizodumuz oldu ki. onda qol vursaydıq, demək olar oyunu bitirmişdik. Amma əfsuslar olsun ki, bunu edə bilmədik. Onunla da çöküş getdi. 

- "Araz Naxçıvan" demək olar 1 aydı qələbə üzünə həsrət qalıb. Bir turda məcburi istirahət etmisiniz, ikisində də heç-heçə. Bəlkə komandada qələbələri sıralayandan sonra bir az arxayınlıq yarandı ki, onsuz da liderik, aşkar favoritk Premyer Liqaya vəsiqəyə?

- Məncə, hardasa dediklərinizdə həqiqət var. Mənə elə gəlir ki, oyun nizam-intizamı üzərində doğrudan daha çox çalışmalıyıq, çalışacağıq. Asmalaran qapımıza vurulan qolları və arxayınlıq amilini əsas nəzərdə tuturam. 90+3-cü dəqiqədə komanda hazırlaşır ki, paltardəyişmə otağına getsin, bu zaman məncə, topu sadəcə, auta vurmaq kifayət edir ki, final fiti səslənsin və meydandan qalib ayrılasan. Amma onu etmirik, əvəzində rəqib əks-hücuma keçir, onunla da qapımızda qol görürük. Bir baş məşqçi olaraq doğrudan çarəsiz bir andı ki, 90+3-cü dəqiqədə bununla üzləşəsən. Bu dəfə isə 81 və 84-cü dəqiqələrdə elə toplar buraxdıq ki....Düzdür, futbolda az-az olur belə hallar, amma başımıza gəldi.

- Klub rəhbərliyinin komandanın son nəticələrinə münasibəti necə oldu?

- Sağ olsun rəhbərlik, oyundan dərhal sonra paltardəyişmə otağına da daxil oldu, futbolçulara belə deyək, artıq moral da verdilər ki, hər şey qaydasındadı, heç nəyi düşünməyin, liderik, məğlub olmamışıq, qabağa baxmaq lazımdı. Belə belə bir çıxışla komandaya dəstək oldular ki, buna görə onlara minnətdarıq. Rəhbərlik komandaya doğrudan böyük motivasiya verdi. Onlar hər bir şeydə -  maddi, mənəvi, psixoloji cəhətdən uşaqlara dəstək olurlar. İnşallah, gələn oyunlarımızda çatışmazlıqların hamısını aradan qaldırarıq. 

- Yəqin, bu ilin sonunadək əsas məqsəd qış çempionluğunu qazanmaq olacaq. Özü də məğlubiyyətsiz buna nail olmaq...

- Doğrudan da çalışacağıq ki, oyunarımızı məğlubiyyətsiz başa vuraq bu il. Belə bir şey də yoxdu, uduzmayasan. Amma tək düşüncəmiz odur ki, "Araz Naxçıvan" adına yaxşı bir kollektiv, yaxşı bir komanda formalaşdıraq. Ən azından Premter Liqa üçün vəsiqəmizi təmin edək. 

 

 

MEHMAN SÜLEYMANOV