"İlk hissəyə yaxşı başlaya bilmədik. Vurulan bütün qolları demək olar ki, rəqibə özümüz hədiyyə etdik. Növbəti görüşlərdə çalışacağıq ki, daha yaxşı çıxış edək". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Sedrik Badalo Misli Premyer Liqasının 25-ci turunda "Sabah"a məğlub olduqları oyundan sonra deyib.
27 yaşlı yarımmüdafiəçi ilk hissədə kapitan Səbuhi Abdullazadə ilə arasında yaşanan gərginliyə də aydınlıq gətirib:
"Kapitanla aramızda baş verən epizodun xüsusi səbəbi yox idi. Belə yüksək tempdə keçən oyunlarda bu cür hallar yaşana bilir. Sadəcə mövqelərimizi düzgün qura bilmirdik və bunu müzakirə edirdik. Heç bir ciddi problem olmadı".
Burkina Fasolu futbolçu komandanın hazırkı durumuna da toxunub:
"Açıq danışmaq lazımdır ki, komanda məğlub olub xal qazana bilmədikcə, hər şeyin qaydasında olduğunu demək düzgün olmaz. "Sumqayıt"a gəldiyim vaxtdan nəticələrimiz ürəkaçan deyil və bu, məni üzür. Bununla belə, Azərbaycanda olduğum üçün şadam və qətiyyən təslim olmaq fikrimiz yoxdur".
Qeyd edək ki, "Sabah" - "Sumqayıt" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.