Qırğızıstanın "Ozgon" klubunda çıxış edən azərbaycanlı futbolçu Orxan Əliyev Sport24.az-a müsahibə verib.

- Klubda işlərin necə gedir?
- ⁠Qırğızıstanda mövsüm başa çatıb. Çempionat artıq qurtarıb. Hazırda Bakıdayam. İstirahət edirəm.

- Yayda bu komandaya keçdin. Öz çıxışını necə dəyərləndirirsən?
- ⁠Məncə, yaxşıdır. 9 matçda 7 qol vurmuşam. 1 də məhsuldar ötürməm var. Amma düşünürəm ki, daha da yaxşı ola bilərdi.

- Qırğızıstanın "Abdış-Ata" klubu azərbaycanlı futbolçular - İlkin Muradov və Mirabdulla Abbasovla yollarını ayırıb. Onlarla danışmısan?
- ⁠Xeyr. Bu barədə onlarla söhbətim olmayıb.

- Səndə durum necədir? Klubla yeni müqavilə imzalayacaqsan?
- ⁠Mənə yeni sözləşmə təklif ediblər. Hazırda istirahətdəyəm. Yaxın zamanda qərar verəcəyəm.

- 9 oyunda 7 qol və 1 məhsuldar ötürmə pis deyil. Səncə, niyə milli komandaya dəvət almadın?
- ⁠Mənim çıxış etdiyim liqaya o qədər də önəm vermirlər. Amma buna baxmayaraq öz işimizə davam etməliyik.

- Ayxan Abbasov baş məşqçi təyin ediləndə təklif gözləyirdinmi?
- ⁠Ayxan Abbasovu yaxşı tanıyıram. Gözləyək… Hər şeyi zaman göstərəcək. Bəlkə də dəvət olacaq. Çağırmasa da, öz işimi görəcəyəm.

- Səncə, Azərbaycan Premyer Liqasında oynasaydın, dəvət alardın?
- ⁠Ola bilərdi. Çünki Ayxan müəllim bütün futbolçuları izləyir.

- Çıxış etdiyin çempionatın səviyyəsi necədir?
- ⁠Pis deyil. İnkişaf gedir, stadionlar tikilir. Keyfiyyətli futbolçular da var.